Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması heç vaxt olmadığı qədər əhəmiyyət qazanıb. Bu baxımdan iki ilə yaxındır istismarda olan Cənub Qaz Dəhlizi çərçivəsində TANAP-la 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-la isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaz nəqlinin planlaşdırılıması vaxtında atılan düzgün addımların nəticəsində mümkünləşir. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyacın duyulduğunu göstərir və enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Azərbaycan isə buna hazırdır. Avropa İttifaqı imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması, Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanan saziş bunu mümkün edir.
Bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq.
Dövlətimizin başçısı Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planların uğurlu olacağına əminliyini ifadə edir. Bu isə o deməkdir ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşdə yeni nailiyyətlər barədə danışılacaq.
- Baxış: 263