Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderdir. Eyni zamanda İlham Əliyevin spesifik cəhətlərindən biri də onun patriotluq və quruculuq məharətidir. İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil.
Prezident İlham Əliyev qətiyyəti, yüksək idarəçilik qabiliyyəti dünya arenasında səs salıb. Soyqırım həqiqətlərinin ölkə başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni barbarlığının, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu kütləvi informasiya vasitələrinin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində qazanılan qələbələrin əsas göstəricisidir. Əlbəttə, bu, ilk növbədə beynəlxalq medianın Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycana artan diqqətindən xəbər verir. Artıq dünya mətbuatının ölkəmizə münasibəti xeyli dəyişib. Əvvəllər Azərbaycan həqiqətlərinə biganəlik nümayiş etdirən, haqq səsimizi eşitmək istəməyən əcnəbi media mənsubları indi mövcud reallığı öz gözləri ilə görməyə, işıqlandırmağa can atır. Dünyanın müxtəlif yerlərindən Bakıya təşrif buyuran jurnalistlər üçün Prezident İlham Əliyevin açıqlamaları, verdiyi mühüm mesajlar kifayət qəfər böyük maraq kəsb edir. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra regionda yaratdığı yeni reallıqlar fonunda media nümayəndələrinin müxtəlif suallara cavab axtarışı ilə paytaxta gəlişi, ölkəmizə xüsusi diqqət ayırmaları dövlət başçısının şəxsi nüfuzunun və dünya müstəvisində liderliyinin göstəricisidir. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə xarici KİV-lərə 30-dan artıq müsahibə verməsi də burada önəmli rol oynayır. Sözügedən müsahibələrdə Prezident Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin əsl təcavüzkar mahiyyətini ifşa etdi. 44 gün ərzində həm döyüş meydanında, həm də informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Ölkə başçısının Qarabağ mövzusunda heç nədən, heç kimdən çəkinmədən, bütün təzyiqlərə rəğmən qətiyyətli mövqe ortaya qoyması və tarixi faktlara istinadla verdiyi müsahibələrdən sonra Azərbaycana qarşı qərəzli fikirlər müəyyən mənada müsbətə doğru dəyişməyə başladı. İndi regionda vəziyyət tamamilə fərqlidir, Azərbaycanın yaratdığı geosiyasi reallıq dünya mediasının da diqqətini cəlb edir. Mətbuat konfranslarında ölkə başçısına ünvanlanan suallar onu göstərir ki, qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası kifayət qədər genişlənib. Bu isə ondan xəbər verir ki, dünyanın aparıcı media qurumları regiondakı hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı birbaşa ölkəmizdən əldə etməyə üstünlük verir. Ölkə lideri açıqlamaları zamanı, eyni zamanda bəzi dairələr tərəfindən məqsədli şəkildə gündəmə gətirilən məsələsində də birdəfəlik aydınlıq gətirir.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".
Bir sözlə, Azərbaycan yenidən dünyanın diqqətini özünə cəlb etdi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi lider, peşəkar diplomat olduğunu bir daha gördü.
- Baxış: 289