Evdən çıxanda son dəfə nənəsinə son sözü, "nənə deyirəm mənim də xonçam oynamadı" olmuşdu. Nənəsi isə təkidlə, "torpaqlarımızı azad elə səni özüm evləndirəcəm" demişdi. Bəli bu gün Əfqanın xonçaları oynamadı amma o, ən ali zirvəyə ucaldı. Samuğun Sarıqamış kəndinin igidi Əfqan Nuriyevdən reportaj hazırlamışıq.
Samuğun Sarıqamış kəndinin igid, qorxmaz şəhidi, Nuriyev Əfqan... Bir zamanlar bu diyarda hər kəs onun dostu, tanışı idi. Hər kəs onu çox sevirdi. Bir zamanlar burada o dostları ilə söhbət edərdi, bu gün isə onun plakatı kəndin girəcəyində hamını salamlayır... Qəhrəmanımızın uşaqlıq arzusu, Qarabağ torpaqlarını işğaldan azad etmək və şəhid olmaq idi. Məktəbdə oxuyarkən, 11-ci sinifdə yazdığı inşada "şəhid olmaq istəyirəm" yazıbmış... Bu gün onun hər iki arzusu çindir. Qarabağ da azaddır, Əfqanda ən ali zirvədədir.
Şəhidimiz Əfqanın atası, oğul itirməyinə baxmayaraq, qürurludur. Axı onun oğlu, hər kəsin yetə bilmədiyi o uca məqama çatıbdır.
Şəhidimizin atası və anası iş adamı olublar. Bunun üçün də, hər iki qardaşa Qızxanım nənə baxıb. Öz övladlarından seçmədən, canla-başla... Bu gün şəhidimizin yoxluğu nənəmizi dərindən sarsıdır, axı gecələr belə o Əfqanla yatırdı. İndi isə boş çarpayını izləyib, sadəcə köks ötürür.
Əfqan Nuriyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Cəbrayıl, Qubadlı, Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhun şad, qəbrin nurla dolsun şəhidim, sənin kimi bütün igidlərimizlə fəxr edirik.
Nərgiz Əhmədqızı
- Baxış: 737