Vətən müharibəsində Azərbaycanın bütün şəhər və rayonlarından döyüş meydanında igidlərimiz hünərlərini göstəriblər. Samuxdan da torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olan hərbçilərimiz az olmayıb. Vətənin dar günündə ərazilərimizi erməni qəsbkarlarından azad edənlər sırasında qazi olan Famil Qasımov da var.
Samuxun Kolayır kəndində yaşayan Famil sentyabrın 21-də çağırışçı kimi ordu sıralarına qoşulub. Bir müddət təlim keçdikdən sonra işğal altında olan torpaqlarımızın aazadlığı uğrunda mübarizəyə atılıb. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də isə Famil Qasımov düşmənin atdığı mərminin partlaması nəticəsində qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Xəstəxanada müalicə aldığı vaxt qazi aldığı zərbənin təsirindən bir müddət hafizəsini də itirib. O, hətta ən yaxınlarını belə tanımayıb.
Müsahibə əsnasında samuxlu qazi müharibə dövründə heç vaxt yadından çıxmayacaq hadisə haqda da danışıb.
Qazinin anası Aynurə xanım oğlunun 2-ci Qarabağ müharibəsində iştirak etməsindən ağızdolusu danışır. O, azad edilən torpaqlarda övladının az da olsa payı olduğu üçün fəxr edir.
Ailəli olan Famil Qasımov vətən üçün iki oğul yetişdirir. Ancaq qazinin övladlarından biri serebral iflic xəstəliyindən əziyyət çəkir və müalicəsinə ehtiyac duyulur.
- Baxış: 584