1 iyunun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələrdən biridir.Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir bu tarix.
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də onlara hər zaman diqqət və qayğı göstərilir, düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına nəzarət edilməlidir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır.
Bu günün uşaqları, uğurlu siyasətin, şəhidlərimizin, qazilərimizin bir sözlə igid Azərbaycan oğullarının sayəsində Qarabağlı, azad, suveren vətəndə yaşayırlar.Dövlətin və valideynlərin səyi nətiəsində, övladlarımız vətənpərvər, Azərbaycanlı adına layiq olaraq tərbiyə olunurlar.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunmuşdur.
Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı, təhsili bir sözlə yaxşı yaşaması qarşıda duran ən vacib məsələlərdən biridir. Unutmayaq ki, hər uşaq gələcəyin alimi, hərbçisi, həkimi və yaxud müəllimi, hər bir uşaq bir ailənin sevinci, ümididir. Əziz körpələr, gününüz mübarəkdir.
Nərgiz Əhmədqızı
- Baxış: 718