• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 12.05.2021 20:12

Şəkillərdən gülümsəyən şəhid

KepezTV Player

O, sənətini hər şeydən çox sevirdi. Fotoqraf Vüsal Məmmədov hər kəsin xoş gününü əbədiləşdirirdi. Könüllü olaraq yollandığı Vətən müharibəsində isə özü əbədiyyətə qovuşdu. İndi fotoqraf yox, şəhid Vüsal Məmmədov haqqında danışacağıq.

Məmmədov Vüsal Elşən oğlu. 1998-ci ilin avqustunda Gəncədə dünyaya göz açıb. 2015-ci ildə Gəncə şəhər 22 nömrəli tam orta məktəbi bitirib. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə çox sevdiyi fotoqraflıq sənətini atıb, torpaqlarımızı yağı düşməndən azad etmək üçün silaha sarılıb.

Vüsal Məmmədov xüsusi təyinatlı qrupun tərkibində vuruşaraq, Füzuli və Xocavənd rayonları, "İlandağ" yüksəkliyinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə yer alıb. Yoldaşlarının sözlərinə görə, 22 yaşlı gənc özünün də yaralanmasına baxmayaraq, döyüşü davam etdirib, yaralı əsgər yoldaşlarının təxliyəsində xüsusi cəsarət göstərib. Müalicə alıb sağaldıqdan sonra yenidən döyüşlərə qatılıb.

Vüsal Məmmədov Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Nəşi isə düz 4 ay sonra tapılaraq ailəsinə təhvil verilib.

Vüsal subay idi... nə toyu olmuşdu, nə də bəy paltarı geyinmişdi. Vətən sevdası bütün arzulardan üstün olmuşdu onun üçün. Toyuna gəlməyi arzulayanlar isə Vüsalı son mənzilə yola salmağa yığışmışdı....