Bir müddətdir Xocavənddən olan silsilə reportajları təqdim edirik sizə. Böyük qayıdışın hər anını kameralarımızın yaddaşına köçürmüşük ki, sizi də onlarla tanış edək. İndi təqdim edəcəyimiz süjetin qəhrəmanı olan xanım 29 il sonra yenidən həm doğulduğu, həm də gəlin köçdüyü evinə dönüb.
Xocavəndin Tuğ kəndi evlərinin özünəməxsus quruluşu ilə fərqlənir. Hər daş, hər künc özündə bir tarix gizlədib sanki. Bu daşların dili olsa, bizə nələr danışardı görəsən? Axı ermənilər təkcə insanlarımıza yox, evlərimizə, abidələrimizə də qənim olublar. Bir zamanlar bu evlərdən şən uşaq səsləri, gülüşlər eşidilib. İndi biz 29 il sonra o səslərin harayına gəlmişik. Respublikanın əməkdar həkimi Küşvər xanımla doğulduğu evdə o illərə boylanıb xatirələrinə qonaq olduq.
Doğulduğun, boya-başa çatdığın məkana qonaq kimi gəlib onun dəyişildiyini görmək ağırdır əslində. Çünki mənzərə dənizdən qalan damlanı xatırladır. Amma bu gün bu məkan yağıların əlindən qurtarılıb öz sahiblərinə qaytarılıb, elə bu fərəhlənməyə, fəxr etməyə bəs edir. Ermənilər zəbt etdikləri bu evləri, həyətləri saxta tarix cızmaq üçün xeyli dəyişiblər.
Bu həyətin Küşvər xanım üçün daha bir önəmi də odur ki, o, burada yerləşən qonşu evə gəlin köçüb. İndi o evdən geriyə bu quru daşlar, bu soyuq divar qalıb. Kənd işğal olunanda bu ev ermənilər tərəfindən yandırılıb. Amma onlar daha əvvəl də evi yandırmaq istəyiblər.
Saxta tarix yazmaqda ustalaşan ermənilər bu məkanı özününküləşdirmək üçün uydurma məlumat lövhələri də yerləşdiriblər. Hər qarışında xatirə yatan bu həyətə baxarkən bir daha dərk edirəm ki, tarix bəzən haqqı nahaqqın ayağına da verir. Amma gec ya tez haqq layiq olduğu yeri tutur.
Torpağı Vətən edən igidlərin ruhuna dua oxuyaraq sağollaşırıq bu həyətlə. Biz yenidən qayıdacağıq. Yarıda qalan arzularımızı gerçəkləşdirmək üçün.
- Baxış: 278