• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 10.12.2020 18:08

Vətən müharibəsində qələbə möhtəşəm paradla qeyd olundu

KepezTV Player

Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

Paradda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycanın parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdiyi, işğala son qoyduğu bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu. Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini Verdi.

Ali Baş Komandan qeyd edib ki, biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. …Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. … Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik.

“Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik”, deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır. Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcəyini vurğulayan dövlət başçısı qeyd edib ki, azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!

Paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə rəhmət diləyib, qazilərimizə tezliklə sağalmalarını arzulayıb.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti: Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir. Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.

“Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq” deyən Ərdoğan Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin heç də mübarizənin başa çatması demək olmadığını dilə gətirib. Qeyd edib ki, bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti: Əziz qardaşlarım, Dağlıq Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdırlar. Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik.

Ərdoğanın qeyd etdiyi kimi, ermənilər qərb imperialistlərinin təhriki ilə bir yerə çatmağın mümkün olmayacağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq. Türkiyə Prezidenti diqqətə çatdırıb ki, şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, yenidən təmin etmişdir.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti: Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Arazı ayırdılar, Lil ilə doyurdular. Mən səndən ayrılmazdım Zülm ilə ayırdılar. Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür. Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!

Paradda Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.

Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçular tribunanın önündən keçiblər. **Zəfər paradında qardaş Türkiyənin Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular da iştirak ediblər.** 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi nümayiş etdirilib. **Xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanından keçib. **Pulemyotlar, tank əleyhinə idarə olunan raketlər, zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, “T-72”, “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirib. **Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. **Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan pilotsuz uçuş aparatları nümayiş etdirilib. **Həmçinin artilleriya silahları sistemlərinin kolonu, özüyeriyən haubitsa və artilleriya qurğuları, yaylım atəşli reaktiv sistemlər, əməliyyat-taktiki raket sistemlərinin keçidi olub. **Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu da həyata keçirilib. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.