Əvvəllər yəni, internetin, sosial şəbəkələrin olmadığı vaxtlarda qohumlar daim ünsiyyətdə olur, bir-birilərinin güzəranı, problemləri barədə hər şeyi bilirdilər. Bəs indi vəziyyət necədir? Texnologiyanın insanların ünsiyyəti üçün daha geniş imkanlar açdığı, yaratdığı dövrdə qohumlar arasında əvvəlki münasibət, mehribanlıq, ünsiyyət, gediş-gəliş varmı?
Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də insanlar arasında yaranan soyuq münasibət, qohumluq bağlarının tədricən qopmasıdır. Məsələ ilə bağlı mövqelər müxtəlifdir. Şəhər sakinlərinin də fikirlərini soruşduq və qohumları ilə gediş-gəlişlərinin olub-olmadığını öyrənməyə çalışdıq.
Belə qənaətə gəlmək olar ki, günümüzdə qohumluq telləri qırılmasa da, münasibətlər nisbətən soyuyub. Bunun da müxtəlif səbəbləri var.
Digər bir nüansı da unutmaq lazım deyil. Söhbət, bütün işlərimizi sadələşdirən texnologiyanın yaratdığı imkanların canlı ünsiyyəti sıxışdırıb sıradan çıxmasından gedir.
Danılmaz faktdır ki, virtual aləmdə, sosial şəbəkələrdə əlaqə saxlamağa üstünlük verən nəsil üçün bu gün real həyatda canlı ünsiyyət yaratmaq müəyyən mənada çətin olur. Lakin mütəxəssislər real ünsiyyətin yox olması nəticəsində tənhalıq, depressiya və digər psixoloji problemlərin yarana biləcəyi ehtimalını nəzərə alıb, münasibətləri vaxtında nizama salmağı tövsiyə edirlər.
“Əmi oğlu”, “xalaoğlu”, “qardaş oğlu” - bu sözləri biz müraciət forması kimi də işlədirik. Və dünyanın başqa heç bir yerində, heç kim tanımadığı adama belə xitab etmir. Bu, bir daha bizim bu sözlərə, qohumluq münasibətlərinə verdiyimiz önəmi göstərir. Elə isə gəlin bizim üçün vacib olanları, bizi azərbaycanlı edən xüsusiyyətlərimizi itirməyək.
- Baxış: 421