O, Danimarka, İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Fransada təşkil olunan bir sıra beynəlxalq sərgilərin iştirakçısı, ölkədə keçirilən müxtəlif müsabiqələrin qalibidir. Onun əl işləri Azərbaycanın mədəni sərvəti sayılır, dünyanın bir sıra muzeylərində və fərdi koleksiyalarda saxlanılır. 2009-cu ildə lentə alınan “Cavad xan” filmində istifadə olunan Gəncə xanının hərbi geyimi və qılıncı da onun əl işidir. Söhbət Respublikanın Əməkdar Rəssamı Mübariz Əkbərovdan gedir...
“Beybut”, “Yamən”, “Kukri”, “Şpaqa”, “Saska” və sair... Sadalananlar Mübariz Əkbərovun evinin eyvanında, iki insanın rahatlıqla yan-yana dayana bilməyəcəyi, sənət tozuna qərq olan bu kiçik məkanda hazırlanır...
Bu kolleksiyada həm Qafqaz, həm də dünya xalqlarının qılınc və silahlarını görmək olur. Azərbaycana məxsus, itib-batmaqda olan nadir silah növlərini də əməkdar rəssamın əl işləri arasında tapmaq mümkündür.
Mübariz Əkbərov - əməkdar rəssam: “Bunun adı “Beybut”dur. Bakı, Şamaxı, Lənkəran zonasına məxsus olan xəncərlər bunlar olubdur. Mən buna ilk dəfə filmdə rast gəldim. Kinostudiyada bir dənə qalmışdı. Orda gördüm, eskiz elədim, götürdün düzəltdim, belə bir iş alındır”.
Həcmindən asılı olaraq bir iş üçün 7-8 ay vaxt sərf edən Mübariz Əkbərov hazırladığı hər bir sılahın adını, yaranma tarixini və kimə məxsusluğunu da dəqqiliyi ilə öyrənir.
Mübariz Əkbərov - əməkdar rəssam: “Bu qılıncdan əsas Qafqazlılar istifadə edib. Ən çox da Şimali Qafqazlılar. Bunu dünyaya verən olub çərkəzlər. İndi Ruslar, Kazaklar öz adlarına çıxır, bunu “şaşka” adlandırır, amma bu səhvdir. Bunun adı “saska”dır. Biz də isə ən çox yayılmış Qafqaz xəncəri bunlar gedir. Bunlar bəy xənclərləri sayılır. Bunun ən yaxşısını, bir az da üzərində işləməklə, bu formada düzəltmişəm. Bunun tiyəsinin də üzərində işlənilib, poladı da çox möhkəmdir. Mən bu qılıncı həsr etmişəm Şeyx Şamilə. Üzərində də Şeyx Şamil yazılıb”.
Bu əl işlərinin arasında ərəblərə məxsus “Yamən”, Nepala xas olan “Kukri” xəncərləri, Fransızların “Şpaqa”sı, İspan və İngilis xanımlarının istifadə etdiyi “Pika” diqqət çəkir. Onların əsas özəlliyi üzərlərinin milli ornamentlərlə bəzədilməsidir. Mübariz Əkbərov “Cavad xan” filmində istifadə olunan Gəncə xanının qılıncından da söz açır...
Mübariz Əkbərov - Əməkdar rəssam: “Bu qılınc bizdə “Cavad xan” filmində çəkildi. Yaxşı ki də çəkildi. Tarixə düşdü. İndi söz vermişəm. Allahın köməkliyi ilə Şuşa azad olanda gərək bunu aparım Şuşanın müzeyindən öz əllərimlə asım”.
Çalışdığı emalatxanada lazımi şərait olmadığından Mübariz Əkbərov tələbə də hazırlaya bilmir. O, bir sıra xarici ölkələrə də dəvət alıb, amma getmir. Günü elə bu kiçik emalatxanada metala yeni nəfəs vermək və lazım gəldikdə tarixin izlərini bərpa etməklə keçir...
Mübariz Əkbərov: Əməkdar rəssam: “Bilirsiz, bizdə çox təəsüf olsun ki, belə bir sənətə çox da qiymət vermirlər, və ya başa düşmürlər. Məsələn elə əşyalar olur ki, evdə saxlayırlar, itirirlər, atırlar və ya ehtiyyat hissə kimi satırlar antikvar dükanlarda. Lakin elə şeylər var ki, doğurdan da onları əritməyə dəyməz. Bu qədimdən qalıbdır”.
Əl işləri milli sərvət sayıldığındam Mübariz Əkbərovun yaratdıqlarının kütləvi satışı həyata keçirilmir.
- Baxış: 1613