Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. 3 aya yaxındır ki, işlər əsasən şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilir. Burada sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametirli su və kanalizasiya xətləri yenilənir.
Layihənini 4-cü mərhələsi 3 il müddətinə həyata keçiriləcək. Bu müddətdə 179500 metr su xətti, 144 min metr kanalizasiya xətti, 45 min metr kollektor şəbəkəsinin çəkilməsi planlaşdırılır. Hazırda podratçı şirkət tərəfindən işlər əsasən şəhərin Heydər Əliyev və Nizami prospektlərində, Hüseyn Cavid, Qəmbər Hüseynli və Hacı Əli Hüseynzadə küçələrində aparılır. Bu günə kimi adıçəkilən ərazilərdə 9500 metr su, 9000 metr kanalizasiya xətti yenilənib. Şəhərin mərkəzi hissəsində aparılan işlər yollarda sıxlığın, tıxacların yaranmasına səbəb olduğu üçün ilk növbədə bu ərazidə işlərin başa çatdırılması qarşıya məqsəd qoyulub.
Kamal Məmmədzadə - sahə rəisi: “İşlər hazırda mərkəzi hissəd aparılır və burada əhalinin sıxlığı müşahidə olunur. Bunu üçün iş sahələrimizdə ciddi təhlükəsizlik tədbirləri görülür. Layihə ümumən şəhərin mərkəzini əhatə etdiyi üçün bizdə planlaşdırmışıq ki, işləri mərkəzi hissədə yekunlaşdırdıqdan sonra digər kənar nöqtərlərdə işlərimiz davam etdirək. Buda yaxın müddətdə şəhərin mərkəzi hissəsində mövcud olan su və kanalizasiya xəttləini, eləcədə daşıyıcı kollektorların tezliklə çəkilməsini qarşımıza məqsəd qoymuşuq”.
Layihə çərivəsində görülən işlərlə yanaşı tutumu 5 min kub metr olan su anbarının inşasına da start verilib. Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Şəhərdə 315 km uzunluğunda kanalizasiya xətti mövcud olsa da bu şəbəkə də əhalinin təqribən 45 faizini əhatə edir. Sutəmizləyici qurğular 90-cı illərdən işləmədiyi üçün şəhərin tullantı suları Samux rayonu ərazisindəki boş sahələrə axıdılır. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihənin 2019-cu ildə tam yekunlaşdırılması nəzərdə tutulur. Layihə 2035-ci ilə qədər Gəncə əhalisinin artım proqnozlarına uyğun şəkildə həyata keçirilir.
Xaliq Qurbanlı
- Baxış: 1416