Hazırda ölkə iqtisadiyyatında prioritet elan olunan aqrar sektorun inkişafı bu sahə üzrə savadlı kadrların hazırlanmasını labüd edir. Ancaq mütəxəssislər gənclərin kənd təsərrüfatına marağının aşağı olmasından gileylənir. Azərbaycan Dövlət Aqrar Universitetində kadr çatışmazlığı probleminin aradan qaldırılmasına dair müşavirədə bu sahədə görülməli olan işlər müzakirə edilib.
Hazırda ölkənin ali məktəblərində 30, orta ixtisas təhsili müəssisələrində 6, texniki peşə təhsili müəssisələrində isə 10 ixtisas üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması və iqtisadiyyatı sahəsində mütəxəssis hazırlanır. Kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığı mərkəzi isə Azərbaycan Dövlət Aqrar Universiteti hesab edilir. Bir çox xarici və yerli müəssisələr ötən il ali təhsil müəssisəsinə 47 nəfər baytar, 26 aqronom və 24 zootexnikə ehtiyacı olması ilə bağlı müraciət edib. Universiteti isə cəmi 15 aqronom və 45 baytar ali təhsil alaraq bitirib. Bu il isə 3 nəfər aqronomluq, 58 nəfər baytarlıq ixtisasını başa vuracaq. Ancaq nə ötən il, nə də bu il ali məktəbdə zootexnik ixtisasına qəbul olmayıb.
Füzuli Mirzəyev -Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktor əvəzi: "Cavan kadrları çəkmək çox çətindir. Alimlərin əmək haqqı aşağıdır. Cavan kadr 150-160 manata işləmək istəmir. Qalmaq istəmir".
İsmayıl Ələsgərov - aqronom: "Gənc kadrlar gəlmək istəmir. Əsas əmək haqqının aşağı olmasıdır. Amma aqronom işi həqiqətən də şərəfli işdir. Götürdüyü məhsula baxanda becərdiyi bitkiyə baxanda bundan fərəh hissi duyur".
Bu hissi gələcəyin mütəxəssisi olacaq gənclərin də duyması üçün onların torpaqla, kəndlə bağlılığının da olması vacib sayılır. ADAU-ya daxil olanların əksəriyyəti şəhər gəncləridir və onlar ali məktəbi bitirdikdən sonra kənddə işləməyə bir o qədər də maraq göstərmir. Burada digər bir məqam da var.
İbrahim Cəfərov - ADAU-nun rektoru: “Bir çox özəl təsərrüfatlarda xaricdən gələn mütəxəssislər çalışır. Burada da bir sıra məsələlər var. Bizim elə təsərrüfat rəhbərlərimiz var ki, xarici aqronoma ayda 5000 manat verdiyi halda, eyni səviyyəli olan aqronomumuza 5 manat vermir”.
Sadalananlara rəğmən aqrar sahənin inkişafı gənc peşəkar kadrların hazırlanmasından keçir. Bu baxımdan gənclərin aqrar təhsilə marağını artırmaq üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.
İbrahim Cəfərov - ADAU-nun rektoru: “Son illər Nazirlər Kabinetinin sərəncamı, cənab prezidentin dəstəyi ilə aqronomluq və digər 12 ixtisasda təhsil alan tələbələr təhsil haqqından azad edilib və onların təhsilini dövlət öz üzərinə götürmüşdür. Aqronomluq, zoomühəndislik fakültələrinə daxil olan və balı 250-dən yuxarı olan tələbələrə təqaüddən əlavə 100 manat da verilir. Bundan başqa hər bir şəraiti olan ADAU yataqxanasında tələbələr cəmi 20 manata qala bilirlər”.
Hümbət Camalov- ADAU-nun Təcrübə və işə düzəltmə şöbəsinin müdiri: "Universitetimizin potensialı çoxdur. Bu tələbənin gəlişindən asılıdır. Günü- gündən tələbələrin aqrar universitetə marağı artır. Rayonlarda, eləcə də şəhərimizdə çox böyük təbliğat işi aparılır. Tələbələr, ətraf rayonlardan şəhərimizdə olan bütün orta məktəbin şagirdləri universitetimizə səyahət ediblər. Universitetdə olan yeni ab-hava ilə tanış olublar. Bu gün 5 mindən çox tələbəmiz var. Bu onu göstərir ki, universitetdə görülən işlərdir tələbini cəlb edən".
Ölkədə aqrar sahədə kadr çatışmazlığı məsələsi və bu problemin aradan qaldırılması yollarının müzakirə edildiyi Azərbaycan Dövlət Aqrar Universitetində gənclərin ehtiyac duyulan ixtisaslara cəlb edilməsinin önəminə toxunulub. Həmçinin yuxarıda qeyd olunan təminatla bağlı məsələnin də müəyyən qədər həlli bu sahəyə marağı oyada bilər. Hansı ki, "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı strateji yol xəritəsində də bu məsələ xüsusi qeyd edilib.
Gülnar Fazilqızı
- Baxış: 916