• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 07.08.2024 19:44

Smartfonlarda təhlükəsizlik necə qorunmalıdır ?

KepezTV Player

Son dövrlər telefon istifadəçilərinin təhlükəsizlik problemi xeyli aktuallaşıb. Şahidi oluruq ki, bəzən şəxsin xəbəri olmadan mobil telefonundakı məlumatlar üçüncü şəxsə ötürülə bilir. Mütəxəssislər qeyd edir ki, qanunvericilikdə fərdi məlumatların qorunması ilə bağlı müvafiq qurumların müəyyən vəzifələri olsa da, ilk növbədə istifadəçinin özü təhlükəsizliyinin qayğısına qalmalıdır.

Şəhər sakini: Elə şeylər gəlir, mənim gözüm yaxşı görmür, amma görürəm ki, mesajların axırına “istəyirsinizsə, filan qədər məbləğ”, mən tez söndürürəm, yəni buna daxil olmuram. Təxmini düşünürəm ki, burda nəsə bir aldatmalar var. Bunun qarşısı alınmalıdır. Bu telefon işi o qədər mürəkkəbdir ki. Nədəndir, bunu mən də bilmirəm? Bu, pis şeydir, narahatçılıqdır. Camaat niyə belə şeylərə qoşulur?

Şəhər sakini: “Xaricdən tanımadığım nömrələrdən sms-lər gəlir. Mən onu açmıram. Bəli, elə ona görə deyirəm ki, onları açmaq olmaz. Biz öz sirrimizi xarici dövlətlərə verməməliyik”.

Şəhər sakini: “Əsasən xarici, bilmədiyimiz şəbəkələrdir, vifi şəbəkələridir, bluetooth şəbəkələridir bunlara qoşulmamaq lazımdır. Bilmədiyimiz saytlardır, daxil olmamaq lazımdır. Bəzi saytlar var ki, kod istəyirlər, şifrə istəyirlər, inanmamaq, aldanmamaq lazımdır. Şəxsi məlumatlarımız oğurlana bilər, bank kartlarımız ələ keçirilə bilər”.

Şəhər sakini: “İstənilən vifi şəbəkələrinə qoşulmamaqla, gələn saxta mesajlara qarşılıq verməmək, xarici nömrələrdən gələn mesajlara cavab verməmək kimi şeylərlə telefonu qorumaq olar”.

Telefon istifadəçisi könüllü olaraq müəyyən şəbəkələrə, mobil tətbiq və proqramlara qoşularkən özü ilə bağlı informasiyaları qeyd edərkən diqqətli olmalıdır. Yəni qoşulduğu internet şəbəkəsini və ya mobil cihazlarda olan bağlantı funksiyalarını ciddi nəzarətdə saxlamalıdır. Ehtiyatı əldən verib, xoş olmayan vəziyyətlə qarşılaşanlar isə əsasən yaşlı nəslin nümayəndələridir.

Sadiq Xudaverdiyev- sosial media mütəxəssisi: “Mənşəyi bəlli olmayan linklərə daxil olmaq və ya hansısa bir play-marketdən proqramların yüklənməsi və ya bilinməyən vifi şəbəkəsinə qoşulması. Bu, ən çox hakerlər tərəfindən olunur. Əvvəlcədən hazırlanmış  proqramlardır. Bununla belə onlar sizin telefonunuzu ələ keçirdikdə sizin şəkillərinizdən tutmuş məxfi məlumatlar, bank kartları və digər informasiyalara kimi  ələ keçirirlər və bunları öz məqsədləri üçün istifadə edirlər. Qorunma yolları çeşidlidir. Ümumiyyətlə, mən tövsiyə edərdim ki, bilmədikləri linklərə, məsələn, dövlət müəssisəsindən sms gəldikdə onu belə linkə girmədən maraqlansınlar, həmin qaynar xətlə əlaqə saxlasınlar. Hətta bəzən olur ki, telefon təmirinə telefon əmanət olunanda orda lazımsız informasiyanı əldə edə bilirlər”.

İstifadəçilər sözügedən qaydalara riayət etmədikdə təbii ki, kibercinayətin qurbanına çevrilirlər. Vətəndaşlar bilməlidir ki, başqasının şəxsi məlumatlarını, görüntülərini ələ keçirmək, yaymaq cinayət məsuliyyəti yaradır.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “DİN olaraq bu mövzu haqqında vətəndaşlarla mütəmadi olaraq profilaktik söhbətlər aparılır, sosial çarxlar hazırlanır, sosial şəbəkələr vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq bu gün də bu cür problemlərin qurbanları kifayət qədər çoxdur. Təbii ki, daxil olan hər bir müraciət həssaslıqla araşdırılır və vətəndaşların müraciətləri mümkün qədər operativ və onların menafeyinə uyğun aparılmağa çalışılır”.

Mütəxəssislər onu da xatırladır ki, istifadəçilərin sosial şəbəkə hesabları, habelə e-maillərə bağlı olan bank hesabları, digər materialları hakerlər tərəfindən ələ keçirilə bilər. Vətəndaşlar bu cür məsələlərlə bağlı problemlərlə üzləşdikdə DİN-nə müraciət edə bilərlər.