• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 29.07.2024 19:58

Gəncə məktəblisi qızıl nişana layiq görülüb

KepezTV Player

Orta məktəbi bitirib məzun olmaq bütün şagirdlərin həyatlarının ən xoş anlarındandır. Amma xüsusi təltiflə məzun adını qazanmaq həm də fəxr və qürurdur. Təhsil Nazirliyinin əmrinə uyğun olaraq, bilik və bacarıqları ilə hər kəsdən seçilənlər qızıl və gümüş döş nişanları ilə təltif olunurlar. Doğma Gəncəmizdən 1 məzun da bu şərəfə layiq görülüb.

Qaydalara əsasən, məktəbi xüsusi nailiyyətlərlə başa vuran və nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunları qızıl və ya gümüş nişanla təltif olunurlar. Arxada qoyduğumuz tədris ilinin yekunu üçün bu uğuru qazananlar sırasına Gəncə şəhər Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Nuray Hüseynova da daxil olub.

Nuray Hüseynova- məzun: “Əslində, 10-cu sinifdə biologiya üzrə bürünc medala layiq görüləndə gözləyirdim ki, 11-ci sinifdə qızıl nişanla təltif olunum. Amma bu xəbəri öyrənmək, siyahıda öz adımı görmək qürurverici idi. Həmçinin, Gəncə şəhər məktəbləri arasında yalnız mənim təhsil aldığım məktəbdə qızıl nişana layiq görülən şagird olmağım çox sevindirici bir hal idi. Buna görə də məktəb rəhbərliyinə, üzərimdə əziyyəti olan müəllimlərimə təşəkkürümü bildirirəm”.

Şagirdləri qızıl nişanla təltif edərkən nəzərə alınan məqamlardan biri onların müxtəlif fənn olimpiadalarında nailiyyət qazanmalarıdır. Bu məzunlar  universitetlərə müsabiqədənkənar qəbul haqqı əldə edirlər. Bu məqamlara baxmayaraq, Nuray Hüseynova ali məktəblərə qəbul imtahanlarında iştirak etməyi üstün tutaraq, yüksək nəticə əldə edib. 

Jalə Məmmədova- müəllimə: “Nuray texniki və təbiət təmayüllü sinifdə təhsil alır. Orda hər biri yaxşı oxuyan, təhsildə yüksək nailiyyətlər əldə edən uşaqlardılar. Lakin Nuray onların içərisində seçilən şagird olub. Dərs zamanı hər hansı test üzərində izah vermək lazım olanda Nurayın verdiyi izahlar daha ətraflı, dərrakəli olurdu. Yəni biz ondan həmişə yüksək nəticə gözləmişik”.

Nizami Rzayev- 39 nömrəli tam orta məktəbin direktoru: “Nuray bundan əlavə "Nə, harada, nə zaman?" oyununun, Xarıbülbül komandasının əsas üzvlərindən olubdur. 11-ci sinif buraxılış imtahanında 300 bal toplamışdır. Ondan sonra artıq qızıl medala düşəcəyi məlum idi. Biz bir neçə gün bundan əvvəl bu məlumatı aldıqda çox sevindik. Nuray kimi şagirdlərimizlə fəxr edirik. Məktəbimizdə belə şagirdlər çox olubdur. Ümid edirik ki, bundan sonra da bu qaydada olacaq”.

Məzunların qızıl və ya gümüş nişanla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

Nuray Hüseynova- məzun: “Məktəbi fəqlənərək bitirmək hər kəsin arzusudur. Buna görə də olimpiadalarda, yarışlarda iştirak etmək, dərsdənkənar fəaliyyətlərlə məşğul olmaq həqiqətən çox yaxşıdır. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirmək istəyirəm. Orda oxuyandan sonra isə artıq xaricdə təhsilimi davam etdirərək vətənimizə qayıdacam və layiqli həkim olmağa çalışacam”.

Nuray Hüseynova ona göstərilən etimadı doğruldaraq ali məktəblərə 14 iyul tarixində keçirilən qəbul imtahanda da yüksək nəticə göstərib. 4-cü ixtisas qrupu üzrə biliyini sınağa çəkən məktəbli 697 bal toplayıb.

Aişə Rzayeva