Gəncədə hərəkətin daha sıx olduğu əsas küçə və prospektlərdə rəngi solmuş, hətta bəzi yerlərdə tamamilə görünməyən piyada zolaqları. Rast gəlinən bu mənzərə həm sürücülər, həm də piyadalar üçün əsl təhlükəyə çevrilib. Qaranlıqda və yağışlı havada isə vəziyyət daha da çətinləşir.
Son zamanlarda Gəncə şəhərindəki bir çox yollarda piyada keçidindəki zolaqların silinməsi piyadaları haqlı narahat edir. Görünməyən zolaqlar elə sürücülər üçün də az təhlükə yaratmır, daha doğrusu qəza vəziyyəti. Zolaqların olmadığı yollarda, piyadaların həyatı təhlükəyə düşməklə avtomobil sürücüləri üçün də risklər artır.
Xəyal Xəlilov- sakin: “Piyada zolaqları təmiz silinib. Orda qəza da ola bilər. Sürücüdür, keçəndə bir də görürsən görmür, fikir vermir. İndi bəzi adamlar baxır zolaq yoxdur, hər yerdən keçir. Hamımızın uşağı var. Biz də keçirik. Qocası var, yaşlısı var, gözü görməyən var”.
Araz Abbasov- sakin: “Məktəblərin qabağına əsas da işıqfor qoymaq lazımdır. Zolaq silinib, başqa yerdən gələn insanlar bilmirlər. Uşaqdır, birdən qaçar, zolağa görə hadisə baş verə bilər. Amma o, sürücünün günahı deyil. Həm insana, həm də maşına ziyandır. Ölümlə nəticələnə bilər, şikəst qala bilərlər”.
Mehriban Cəfərova- sakin: “Yolu keçəndə baxmırlar, fikir vermişəm; nə avtobus sayırlar, nə maşın! Diqqətli olmaq lazımdır. Yəni maşın da adamın üstünə sürür. Yaxşı olardı ki, o zolaqları təzədən düzəldərdilər”.
sakin: “Zolaq olsa çox yaxşı olardı. Hamı ailəsiylə keçir. Uşaqlar üçün eləsi var gətirə bilir, eləsi var gətirə bilmir. Xahiş edirik valideynlər adından ki, olsa daha yaxşı olar”.
Göründüyü kimi, piyada zolaqlarının silinməsində həm piyadalar, həm də sürücülər diqqətli olmalıdır ki, xoşagəlməz vəziyyət də yaranmasın. Əks halda qəzaların da baş verməsi qaçılmaz olur. Bəzən sürücülərin diqqətsizliyi, sürət həddinin aşılması kimi amillərin üzərinə piyada zolaqları ilə bağlı yaranmış vəziyyəti də gəldikdə mənzərəni təsəvvür etmək elə də çətin deyil.
Emin Həmzəyev- sürücü: “Görünmür, ümumiyyətlə, yoxdur. Yol ilə gəlirəm, piyada zolaqlarını görə bilmirəm. Nişanlar da ağacın arxasında qalır. Qəza edə bilərəm, görmürəm. Mən sürdüyüm yerdə qəfil adam çıxa bilər. Məcbur sürətimi azaldıram ki, qəza törədə bilərəm. Bunların hamısını yeniləmək lazımdır ki, bilinsin qabaqda piyada zolağı var, hamımız yavaşlayaq. Yəni görünmür, yoxdur”.
Raul Həmzəyev- sürücü: “Həm insanlara, həm sürücülərə mənfidir. Nəyə görə mənfidir? Biz gedirik, rahatıq ki, piyada zolağı yoxdur. Sürət də normaldır. Amma çatanda, rəngi getmiş piyada zolağı görəndə, tez əyləyirik, ehtiyatımızı saxlayırıq. Uzaqdan aydın görünsə daha yaxşıdır. Piyada zolağı elə bir şeydir ki, insan hər an rahatlıqla çıxa bilir, qanun ilə yol piyadanındır. Zolaq olmayanda ehtiyatımızı saxlaya bilmirik”.
Sürücü: “Onu biz sürücülər görə bilmirik. Hardan olsa keçirlər. Gəncəli olaraq biz tələb edirik ki, bu zolaqlar yenilənsin ki, piyadaların keçməyi də rahat olsun, biz sürücülər də rahat yolumuzu gedə bilək, qəza törənməsin”.
Məsələdən belə anlaşılır ki, piyada keçidlərindəki zolaqların müvafiq şəkildə və daimi olaraq yenilənməsi vacibdir. Verilən məlumata görə, Gəncənin küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yeni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə AYNA -nın əməkdaşlarının apardığı monitorinqlər əsasında mümkün olur.
Eldəniz Cəfərov- nəqliyyat məsələləri üzrə ekspert: “Bütün dünyada olduğu kimi Azərbaycanda da piyada keçidləri xüsusi işıqqaytaran davamlı boya ilə çəkilməlidir. Boyaların davamlılıq müddəti təxminən 1 ildir və həmin müddətdən sonra boyalar yenilənməlidir. Burada cəmiyyət özü də aktiv olmalıdır. Ola bilsin ki, pozulan boyalardan müvafiq qurumların xəbəri olmasın, amma cəmiyyət bu mövzu haqqında məlumat verməlidir. Bu boyaların pozulmasının obyektiv və subyektiv səbəbləri də var. Ölkə ərazisində istənilən yerdə hər hansı bir qurum və ya özəl bir təşkilat təmir-tikinti işləri apara bilir və bu zaman orada olan yol nişanları da sıradan çıxır, xətlənmə də sıradan çıxır”.
Yollara çəkilən zolaqların 1 il müddətində silinməməsini dəqiq deyə bilməsək də, AYNA-dan əhalinin narahatlığına səbəb olan problemin tezliklə aradan qaldırılacağını açıqladılar. Piyadalara isə təhlükədən qorunmaq üçün daha ehtiyatlı olmaq qalır.
Pərvin Abbaszadə
- Baxış: 396