• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 23.07.2024 18:32

Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidirlər?

KepezTV Player

Artıq ali məktəblərə daxil olmaq üçün keçirilən bütün qəbul imtahanları başa çatıb. Növbəti mərhələdə isə, abituriyentlərin qarşısında ən az imtahan qədər vacib olan bir seçim dayanır. Gələcək həyatda mühüm əhəmiyyət daşıyan ixtisas-peşə seçimi. Bəs abituriyentlər düzgün ixtisas seçimi etmək üçün nələrə diqqət etməlidirlər?

Qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur. Bunun üçün Abituriyent Məsləhət Mərkəzləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin köməyinə gəlir.

Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “DİM tərəfindən Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2024/2025-ci tədris ili üçün keçirilən bütün qəbul imtahanları yekunlaşmışdır. Qabiliyyət imtahanlarında olan ümumi nəticələr elan olunduqdan sonra DİM tərəfindən avqust ayının ilk 10 günlüyündə Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ilə bağlı Abituriyent 4 jurnalı nəşr olunacaq və ixtisas seçimi ilə bağlı məlumat veriləcək. Hər il olduğu kimi bu il də məsləhət mərkəzləri yaradılıb. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məsləhət mərkəzimiz yaradılmışdır ki, abituriyentlər müraciət edib, məsləhət mərkəzində öz ixtisaslarının seçimində təmənnasız köməklik əldə edə bilərlər”.

İxtisas seçmədən öncə abituriyentlər son 3-4 ilin keçid ballarına diqqət etməlidirlər. Həmçinin həmin ixtisasın gələcəkdə tələbatlı olmasını da nəzərdə saxlamaq lazımdır.

Ələsgər Məmmədli- abituriyent: “Buraxılış imtahanında 212 bal topladım. İşimi 5-ci ixtisas qrupuna verdim. İndi də ərizə yazdım. GDU–nun idman fakültəsinə qəbul olmaq istəyirəm. Seçimimi özüm eləmişəm. Valideynlərim mənə sadəcə dəstək olublar. Çünki mənim marağım elə uşaqlıqdan idmana olub - kiçik yaşlarımdan cüdo idman növü ilə məşğul olmuşam. İndi də bunun davamını gətirmək, bu işi görmək istəyirəm”.

Aydan Qəhrəmanova- abituriyent: “Seçimim IV qrupdur. İxtisas seçimi ilə də bağlı hələ ballar çıxmayıb. Çıxandan sonra da reabilitasiyanı seçəcəm –Bakı Dövlət Akademiyasını. Seçimim öz seçimimdir. Uşaqlıqdan həvəsim həkim olmaqdır. Valideynlərim də dəstəklədi ki, mən məhz həkim olum”.

Elnurə Hacıyeva- abituriyent: “3-cü qrupa hazırlaşıram - jurnalistika ixtisasına. Gələcəkdə də jurnalist olmaq istəyirəm. Bu sahəyə çox marağım var. Əslində ailəm müəllimlik ixtisasını istəyirdi, ancaq mən öz xəyallarımın arxasınca getmək istəyirəm, jurnalist olmaq istəyirəm”.

Mütəxəssislər deyir ki, hər bir abituriyent seçə biləcəyi universiteti, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Çünki seçdikləri ixtisas gələcək peşələrində uğurlu olmalarında müstəsna rol oynayacaq.

Taciyə Mehdisoy- psixoloq: “Normal halda insanlar istəklərinə uyğun bir peşə seçdikdə, o peşəni həyata keçirəndə, fəaliyyətlərini icra edəndə daha uğurlu olurlar. Çünki burada hiss, həvəs, istək insanların həmin işə qarşı stimulunun artıqlığı gözəl nəticə ilə sonlana bilər. Amma digər insanlar tərəfindən müdaxilə şəklində hər hansı bir seçim etdikdə bəzi məsələlər, narahatlıqlar ortaya çıxdıqda o insanlar ya yarı yoldan geri çəkilirlər, ya da həvəssiz addımlayırlar. Onun üçün burada ağıllı insanlardan məsləhət alıb, həmin insanlar da yeniyetmələrin fikirlərini duyğularını və xarakterlərini nəzərə alıb fikir bildirsələr, yönləndirməni ona uyğun etsələr daha gözəl nəticə əldə etmiş olarlar”.

İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz ixtisası sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.

Aişə Rzayeva