• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 18.07.2024 19:35

Regional Voleybol Klubu qısa zamanda bir sıra nailiyyətlər əldə edib

KepezTV Player

Ölkədə voleybolun inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılır ki, regional voleybol klublarının təsis edilməsi də görülən işlərin ən mühümlərindəndir. Nizami yurdunda yaradılan Gəncə Regional Voleybol Klubunda bu idman növünü daha peşəkar səviyyəyə daşımaq, eyni zamanda kütləviliyə nail olmaq üçün əməli işlər həyata keçirilib və bir sıra uğurlar da əldə olunub.

9 aydır fəaliyyətə başlayan Gəncə Region Voleybol Klubunun məşqçiləri ilboyu müxtəlif seminarlarda iştirak edərək bilik və bacarıqlarını artırıblar. Son olaraq Bakıda Beynəlxalq Voleybol Federasiyasının Level-1 seminarına qatılan çalışdırıcılar uğurlu nəticə əldə ediblər. Azərbaycanla yanaşı 5 ölkənin məşqçilərinin də yer aldığı təlimlərdə nəzəri və praktiki məşğələlərin ardından imtahan verən klubun 3 məşqçisi Level-1 sertifikatına layiq görülüblər.

Pərvanə Niftəliyeva- GRVK-nın məşqçisi: “Bizim üçün çox çətin olsa da, maraqlı idi. Mütəxəssislərdən yüksək səviyyədə təcrübə qazanmaq, onların təcrübələrindən istifadə edərək zalımızda məşqlərdə uşaqlara tətbiq edirik. İnanıram ki, bu seminardan sonra yeni məşqə başlayan uşaqlar üçün qazandığımız bilikləri məşq prosesində onlara öyrədəcəyik”.

Bundan başqa klubun yetirmələri Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində yer alıblar. 2008-2013-cü il təvəllüdlü qız voleybolçuların iştirak etdiyi toplanışda özünü yaxşı tərəfdən göstərən Gəncə Regional Voleybol Klubunun 3 üzvü millinin heyətinə cəlb olunub.

Ləman Bayramova- GRVK-nın üzvü: “Mən artıq bir neçə aydır ki, voleybolla məşğul oluram. GRVK-nun oyunçusuyam. Məşqçilər bacarığıma görə milliyə göndərdilər. Toplanışda təcrübəmi artırdım və yığmanın heyətinə cəlb olundum. İnanıram ki, milliyə xeyir verəcəm”.

Rüqəyya Quliyeva- GRVK-nın üzvü: “Keçirilən məşqlərə biz də qoşulduq. Bu toplanış bizim texnikamızın artması üzərində qurulmuşdu. Orada bilik və bacarığımızı artırdıq. Bu, tam təmannasız təşkil edildiyi üçün voleybol federasiyasına təşəkkürümüzü bildiririk”.

Leyla Vəliyeva- GRVK-nın üzvü: “7 aydır voleybolla məşğul oluram. Özümü yaxşı inkişaf etdirdiyim üçün millinin məşqlərinə dəvət olundum. Millinin adını qorumaq üçün əlimdən gələni edəcəm”.

Gəncə Regional Voleybol Klubu qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, artıq daxili birinciliyini də keçirib. Yarışda 6 şəhər və rayondan 8 komanda iştirak edib. Perspektivli idmançıları üzə çıxarmaq və Gəncə RVK-nın əsas heyətini müəyyənləşdirməkdən ibarət olan mübarizələrdə Mingəçevir komandası 1-ci, Yevlax komandası 2-ci, Gəncə voleybolçuları isə 3-cü yerə layiq görülüb.

Sərxan Məmmədov- GRVK-nın direktoru: “Fəaliyyətimizin ilkin dövründə voleybola regionumuzda kütləvilik o qədər də olmasa da, artıq 9 aylıq fəaliyyətimizin nəticəsidir ki, kifayət qədər kütləviliyimiz artıb. Əvvəl əhatəmiz 3-4 rayon və 100-200 idmançı voleybolla məşğul olsa da, artıq 9 rayonda 500-dək voleybolçumuz var ki, onlar mütəmadi olaraq zallarda məşqlərə davam edirlər. Eyni zamanda 15-ə yaxın məşqçi heyətimiz var ki, çalışdırıcılarımız da gündən-günə artmaqdadır. Biz regionlarımızda olan potensiallı məşqçilərlə əməkdaşlıq edirik”.

Gəncə Regional Voleybol Klubu 15 şəhər və rayonu əhatə edir. Klub ilin sonunadək bütün ərazilərdə məşq bölmələrini işə salmağı hədəfləyib.

Orxan Cəfərzadə