Xaricdə təhsil tələbələrə digər ölkələrdə akademik və mədəni təcrübələr qazandıraraq, onların şəxsi və peşəkar inkişaflarına böyük töhfə verir. Bir çox tələbə təhsil almaq üçün məhz xarici universitetlərə üstünlük verir. Bəs onlar sonradan problem yaşamamaq üçün nələrə diqqət etməlidirlər?
Məlumdur ki, xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı müxtəlif problemlər mövcuddur. Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən digər ölkələrə təhsil almağa yollanırlar. Sonda isə Azərbaycana tanınmayan, keçərsiz olan diplomla qayıdırlar. Elə Almaniyada təhsil alıb, ölkəyə qayıdan Rauf Həsənov kimi.
Rauf Həsənov- məzun: “Mən Almaniyada keçən il iqtisadiyyat üzrə təhsil almışam. Lakin Azərbaycana gələndə mənə diplomumun tanınmadığını dedilər. Mənim xaricdə oxuduğum 4 ilim sanki boşuna getmiş oldu. Burdan gənclərə demək istəyirəm ki, xaricdə təhsil almadan öncə universitet barədə ətraflı araşdırsınlar”.
Bununla belə gənclərin xarici universitetlərə marağı böyükdür. Onların bir qismi Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında kifayət qədər bal toplamalarına baxmayaraq, ölkəmizdə universitet seçməkdən imtina edirlər.
Sərxan Hüseynov- abituriyent: “Bu il məktəbdən məzun olmuşam. Xaricdə təhsil arzulayıram. Bunun üçün bəzi beynəlxalq imtahanlardan keçmişəm. İELTS 7 bal, SAT 1370 bal toplamışam. Məqsədim Polşa, Macarıstan, Latviya kimi ölkələrdən qəbul almaqdır. Xarici təhsili ona görə arzulayıram ki, xarici universitetlərin verdiyi yüksək təhsil standartı və şəbəkələşmənin çox olması, həmçinin iş imkanlarının da çox olması məni xarici təhsilə yönəldir”.
Amin Abbasov- abituriyent: “Bu il 11-ci sinifdən məzun oldum. Azərbaycanda təhsil almaq istəmirdim. Ona görə də sənədlərimi Türkiyə universitetinə verdim. Cavab gözləyirəm. Kompüter üzrə oxumaq istəyirəm. Düşünürəm ki, bu ixtisas xarici universitetdə daha yaxşı tədris olunur. Həm də təqaüdü daha yüksəkdir”.
Xaricdə təhsil üçün gənclər daha çox bu işlə məşğul olan şirkətlərdən dəstək alırlar, amma onların heç də hamısı etibarlı deyil. Çünki bəziləri elə qəbul xətrinə universiteti araşdırmadan tələbəni hara gəldi yönləndirir.
Kamran Əsədov- təhsil eksperti: “Xarici ölkələrə təhsil almağa gedən şəxslər bilməlidirlər ki, xüsusən qardaş Türkiyədə qiyabi təhsil yoxdur. Qayıdıb gələndən sonra diplomları tanınmır. Kimsə sizə vəd versə ki, ora getmədən və ya bir neçə gün getməklə sizə ali təhsil verəcəyik və sizin diplomlar tanınacaq, bunu birmənalı şəkildə qəbul etməyin. Bu, yanlışdır. İkincisi, siz Ukraynada istər əyani, istər qiyabi təhsil alırsınızsa, müharibə şəraitinə görə orada tədrisin təşkili həyata keçirilmir. O diplomlar da Azərbaycanda birmənalı şəkildə tanınmır. Rusiya və ya Gürcüstanda qiyabi təhsil alacaqsınızsa, semester ərzində ən azı 15 gün orada olmalısınız. Bu, ən ciddi tələblərdən biridir. Əyanidə isə 90 gün”.
Xaricə uz tutan tələbələr universitetlə yanaşı, həm də yollanacaqları ölkənin, şəhərin həyat səviyyəsi və iqlimi ilə bağlı yaxşı araşdırma etməlidirlər.
Kənan Veyisli- kurs rəhbəri: “Tək təhsili deyil, şəhəri də araşdırmalıdılar. Şəhərə adaptasiyanı araşdırmalıdırlar. Bəzi abituriyentlər olur ki, istiyə dözümlülüyü yoxdur, bəziləri var ki, soyuğa dözümlülüyü yoxdur. A-dan Z-yə bütün nüanslara diqqət yetirməlidirlər. Bizə müraciət edən abituriyentlərə müqavilə əsasında xidmət göstərilir. Həmin müqavilədə də tələbənin hansı universitetdə təhsil almaq istədiyi öncədən danışılaraq bir-bir göstərilir”.
Göründüyü kimi, xaricə təhsil üçün üz tutanlar 100 ölçüb, 1 biçməlidilər ki, diplomları əllərində qalmasın. Təkcə bu il düzgün seçim etməyən 400-ə yaxın tələbənin diplomu ölkəmizdə tanınmayıb.
Elnur Xəlilov- Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri: “2024-cü ilin 6 ayı ərzində olan statistikaya görə, 2719 müraciətçinin 2357-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 362 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır. Mənfi qərarla nəticələnən müraciətlərin səbəbləri aşağıdakılardır. Akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsil normativi müddətinin az olması, dövlət nümunəvi olmayan diplom, başqa sözlə saxta diplom və tədris yükünün normativdən az olması”.
Ekspertlər deyirlər ki, xaricdə təhsil almaq istəyənlər seçdikləri universitetin beynəlxalq reytinq sırasında yer tutmasını, üstünlük verdikləri ixtisasın ölkəmizdə faktiki prioritet ixtisaslar siyahısında olmasını yaxşı araşdırmalıdırlar.
Aişə Rzayeva
- Baxış: 388