• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 15.07.2024 19:04

Sənədli filmin təqdimatı olub

KepezTV Player

Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlardan deportasiya olunması, üzləşdikləri faciələr, çətinliklər, insanlığa sığmayan hadisələri əhatə edən gerçəklikləri üzə çıxaran sənədli film ərsəyə gəlib. “Qərbi Azərbaycan: Can yaddaşımız” adlı film tarixə işıq tutacaq. 

“Qərbi Azərbaycan: Can yaddaşımız”. 3 aydan artıq müddətdə ərsəyə gələn bu sənədli filminin Mingəçevirdəki Media Mərkəzində təqdimatı oldu. Öncə film haqqında bilgi verən “Çölçü” İctimai Birliyinin qurucusu Eltən Törəçi bu işin təşkil edilməsində əsas məqsədin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstək verməkdən ibarət olduğunu bildirdi.

Tarixin müxtəlif dönəmlərində yaşadıqları doğma torpaqlardan deportasiya olunan insanların deportasiya zamanı üzləşdikləri faciələr, çətinliklər, insanlığa sığmayan hadisələr filmdə onların birbaşa öz dilindən eşidilir. Canlı şahidlər foto və arxiv sənədləri kimi tarixi sübutlarla danışırlar. “Qərbi Azərbaycan: Can yaddaşımız” sənədli filmində Qərbi Azərbaycandan olan soydaşlarımızdan başqa deportasiya gerçəklərinin bütün dünyaya çatdırmaq uğrunda çalışan ziyalıların - yazar və araşdırmaçı jurnalistlərin, tədqiqatçıların gördükləri işlərə də yer verilir.

Sənədli filmin təqdimatında Qərb və Mərkəzi Aran bölgələrində yaşayan Qərbi Azərbaycanlılar, bölgənin ziyalıları və media nümayəndələri iştirak etdi. İştirakçılar filmi maraqla izlədilər. Ən maraqlı məqam odur ki, böyük zəhmət bahasına başa gələn bu iş öz ata-baba yurdlarından zorla qovulub çıxarılan insanların qəlbində doğma torpaqlarına geri dönəcəkləri ümidini bir az da artırmış oldu.

Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sifarişi ilə “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolarda, sənədli filmlərdə, arxivlərdə” layihəsi çərçivəsində çəkilib. İzləyicilərə təsirli anlar yaşadan filmin çəkilişləri Bakıda, Qərbi Azərbaycandan vaxtilə didərgin düşmüş insanların kompakt məskunlaşdığı Göygöl, Gəncə, Yevlax, Bərdə, Quba, Xaçmaz, Mingəçevir və digər bölgələrdə aparılıb.

Filmin informasiya dəstəyi “Qafqaz” və “EL” televiziyaları, “Yeni Çağ” və “Bakupost”a məxsusdur. “Qərbi Azərbaycan: Can yaddaşımız” sənədli filmi Qafqaz və El Televiziyalarında yayımlanacaq.

Vüsalə Cənnətova