• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 08.07.2024 17:48

Daha bir gəncəli güləşçi Avropa çempionu olub

KepezTV Player

Cari il Gəncə güləşçiləri üçün düşərli olub. Nizami yurdunun pəhləvanları müxtəlif yaş qruplarında həm yerli, həm də beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. Bu idmançılar sırasına yeniyetmə güləşçi İsa Yusibov da əlavə olunub.

İsa Yusibov Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşadək güləşçilərin Avropa çempionatında nailiyyət qazanıb. 65 kq çəkidə çıxış edən İsa qitə birinciliyində ard-arda İspaniya, Türkiyə və Gürcüstandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Məşqçi Arzu Rəhimovun yetirməsi həlledici görüşdə rus təmsilçisinə qarşı son anda əzmkarlıq nümayiş etdirərək qalib olub.

İsa Yusibov- Avropa çempionu: “Avropa çempionatında ən çətin görüşüm finaldakı idi. Bu mərhələdə hesab 1:1 idi və görüş belə bitsəydi rəqibim qalib olacaqdı. Görüşün başa çatmasına 8 saniyə qalmış öz sevimli  boğma fəndimi yerinə yetirərək fəxri kürsünün ən yüksək pilləsinə özüm qalxdım. Qarşıdan gələn dünya birinciliyində də yığmanın tərkibində daha yaxşı hazırlaşaraq həmin nəticəni təkrarlamaq bizə nəsib olar”.

İsa Yusibov güləş ailəsindən çıxıb. İdmançının anası Sevinc Yusibova da güləş üzrə həm məşqçi, həm də beynəlxalq dərəcəli hakimdir. Övladının çıxışına çox sevinən Sevinc xanım ondan daha böyük nailiyyətlər gözləyir.

Sevinc Yusibova- İsa Yusibovun anası: “Mən oğlumla qürur duyuram. Fəxr edirəm ki, mənim Avropa çempionu olan oğlum var. Çox şükür ki, bunu nəsib etdi. Mən oğluma arzu edirəm ki, dünya, Olimpiya çempionu olsun. Allah o günü də bizə nəsib edər”.

İsa Yusibov Avropa çempionu olmaqla dünya birinciliyinə vəsiqə qazanıb. Yeniyetmə güləşçi gələn ay İordaniyada təşkil ediləcək mundialda qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə