• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 05.07.2024 19:11

Biçin geciksə də, məhsuldarlıq ürəyaçandır

KepezTV Player

Ölkə üzrə taxıl biçini demək olar ki, yarılanıb. Aran ərazilərdə biçin yekunlaşmağa doğru getsə də, dağətəyi ərazilərdə proses davam edir ki, Göygöldə də zəmilərdə hazırda taxılın yığımı həyata keçirilir. Cari il hava şəraitinin yağıntılı keçməsi rayonda biçin prosesinə təsirsiz ötüşməyib. Bunun məshuldarlıqda hansı formada özünü göstərəcəyindən qarşıdakı süjetdə məlumat veriləcək. 

Aqrar rayon hesab edilən Göygöldə taxıl biçininə ötən ayın ortasından başlanılıb. Rayonda 4326 hektar sahədə taxıl becərilib ki, onun da 2310 hektarı buğda, 2016 hektarı isə arpadır. Bir müddət əvvələ kimi müşahidə olunan yağıntılı hava yığımın gecikməsinə səbəb olub. Rayonun Mollacəllili kəndində də davam edən prosesdən fermerlər narazı görünmür. Əziyyət çəkən kəndli ilboyu gözünü dikdiyi sahənin hər hektarından 3 tona yaxın məhsul götürməyi planlaşdırır.

Vüqar Əhmədov- fermer: “15 hektar arpa əkmişəm, keçənilkinə nisbətən bu il yaxşıdır. Ötən il 15-16 sentneriydi, bu il 25-30 sentner arası məhsuldarlıq var, yaxşıdır. Yağıntı olsa da, zərər vurmadı. Düzdür, biçimi bir az gecikdirdi, amma şükür, yaxşıdır”.

Rafael Mustafayev- fermer: “Həm arpa, həm buğda çox yaxşıdır. Biz də məhsulmuzu biçirik, heyvandarlıqda istifadə edirik, qalan hissəsini də satırıq ki, öz xərcini çıxartsın. Yağışlar çox ziyan vurmadı. Bir az arpa sahələrinə zərər vurdu, o da məhsuldarlığı aşağı salmadı. 6-7 gün arpa biçinini gecikdirdi, onun də ciddi təsiri olmadı. Amma buğdaya xeyiri dəydi. Dəmyə şəraitində belədir ki, buğda tam yetişməyib, bu yağıntının ona xeyiri o oldu ki, dən suyu oldu”.

Biçinin gecikməsi Göygöldə texnika sarıdan da problemin yaşanmamasına səbəb olub. 30-dan çox kombayn növbəli şəkildə biçinə cəlb olunub ki, bu da məhsulun itkisiz yığılmasına imkan verir.

Ruslan Mustafayev- kombaynçı: “Biçindən qabaq bütün texnikalarımız saz hala gəlib, heç bir problem yoxdur. Çalışacağıq ki, mövsümun sonuna kimi hər şey yaxşı olsun. Bütün proseslər yaxşı gedir. Gün ərzində 10-15 hektar yer biçirik. Lazım olan vaxtda da biçini tamamlayacağıq. Çətinliyimiz yoxdur”.

Dağlıq ərazilərin biçimi ilə birlikdə iyulun sonu, avqustun əvvəlində Göygöldə prosesin yekunlaşacağı planlaşdırılır. Ümumilikdə ötən ilə nisbətən cari il rayonda taxıl sahələrindən yüksək məhsuldarlıq gözlənilir.

Azər Hacıyev- Göygöl DAİM-in direktoru: “Yağıntılı hava şəraiti ümumi olaraq biçin işlərinin gecikməsinə səbəb olmuşdu. Buna baxmayaraq, məhsuldarlıq ötən illərə nisbətən daha yaxşıdır. Ötən illərdə 16-17 sentner olduğu halda, bu il bu rəqəm 28-29 sentnerə çatmışdır. Bu günə qədər 1160 hektar sahədə taxıl biçini yekunlaşıb. Hazırda proses davam etdirilir”.

Biçin prosesindən sonra təhlükəsizlik məqsədilə ərazilərin yandırılmasının qarşını almaq üçün bir sıra tədbirlər görülüb. Fermerlərlə maarifləndirmə işi aparılıb, kənd icra nümayəndələri və bələdiyyələr təlimatlandırılıb.

Orxan Cəfərzadə