• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 29.06.2024 18:36

“Məzun günü” atəşfəşanlıqla başa çatıb

KepezTV Player

Gəncə Dövlət Universitetində “Məzun günü” keçirilib. Məzunlar təbrik edilərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulanıb. Universitet məzunlarının bacarıqlı mütəxəssis olacağına inam ifadə edilib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmaq və ali təhsil ocağının adını daim uca tutmaq tövsiyə edilib. Elm və təhsilə göstərilən dövlət qayğısından, son illər ərzində universitetin daxili və beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açılıb. 2023/2024-cü tədris ilində universitetdən ümumilikdə 2000-ə yaxın tələbənin məzun olduğu diqqətə çatdırıb. Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə 1-ci kursu uğurla başa vuran tələbələr də təbrik edilib. 86 illik tarixə malik Gəncə Dövlət Universitetinin məzunlarından bir qrupuna təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə Fəxri fərman, həmçinin məzun valideynlərinə Təşəkkürnamə təqdim olunub. “Məzun günü” konsert proqramı ilə davam edib və tədbir atəşfəşanlıqla başa çatıb.

Fərid Mehdiyev