Havalar isti keçəndə kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisionerdən istifadə edirik. Bəs düzgün istifadə qaydası necədir? Nələrə diqqət eyməkdə fayda var?
Havanın temperaturu yüksəldikcə insanlar nəfəskəsən istilərdən qaçaraq özlərini “kondisionerlərin altına verirlər” desək yanılmarıq. Temperaturun artması ilə müşahidə olunan bu hal sərinlədici cihazlara tələbatı artırır. Satıcılar da son 15 gündə bu vasitələrin satışında artım olduğunu qeyd edirlər.
Sevda Hüseynova- satıcı: “Yay aylarında ən çox satışda olan məhsullar kondisionerlərdir. Qiymətləri isə kvadratrına görədir - 350 manatdan başlayır, 1500-ə kimi dəyişir. Ən çox satılanlardan biri də ventilyatorlardır. O da 30 manatdan başlayır 80 manata kimi dəyişir”.
Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma sən demə, yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin insanlara xeyri qədər ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi orqanizmdə müxtəlif problemlər yarada bilər. Sorğu zamanı məlum oldu ki, sakinlər məcbur qalmadıqca bu qurğulardan istifadə etmirlər.
Şəhər sakini: “Kondisioner xəstəlikdir. Çalışıram ki, çox istifadə olunmasın. Bir az çox qalan kimi baxırsan ki, xəstələndirir”.
Şəhər sakini: “İstifadə edirəm, ancaq demək olar ki, çox az. Mənə problem olur - mədəmdə problem var deyə”.
Şəhər sakini: “Ən çox gündüzlər işlədirik. Uşağa görə axşam çox edə bilmirik”.
Şəhər sakini: “Bəli, istifadə olunur. Evdə olan müddətdə istifadə olunur. Dərəcəsini də istliyin dərəcəsinə uyğun təyin edirik. İstidən soyuğa və ya birbaşa soyuqdan istiyə keçən zaman damarlarda tıxaclaşma yaranır. O problem ola bilər. Ona görə az-az eləmək lazımdır”.
Həkimlər isə kondisionerdən mümkün qədər az və düzgün qaydada istifadə etməyi məsləhət bilir. Həmçinin cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır.
Şirxan Vəliyev- həkim: “Kondisionerdən uzun müddət istifadə zamanı havanı vurduğu yerdə yatmaq və ya orada çox durmaq bədən temperaturunu aşağı salır ki, bu da bizim immunitetimizi zəiflədir. Kondisionerin bildiyiniz kimi filtr sistemi var. Bu filtr sistemində bəzən müxtəlif növ infeksiyalar, xüsusən də yuxarı tənəffüs yollarında iltihaba səbəb olacaq qribal infeksiyalar toplana bilər. Uzun zaman bu filtrlər təmizlənmədiyində evdə yaşayan insanlar üçün, uşaqlar üçün yuxarı tənəffüs yollarında iltihabları tez-tez görülməyə başlayır. Bildiyimiz kimi astma allergik bir xəstəlikdir. Astmanın kəskinləşməsi ilə nəticələnə bilər”.
Diqqət edilməli daha bir məqam isə bayırdakı temperaturun evdəkindən 10 dərəcədən çox fərqlənməməsidir.
Aişə Rzayeva
- Baxış: 305