15 yaşadək sərbəst güləşçilərin Avropa birinciliyində Gəncə idmançıları 3 medal qazanıblar. Yeniyetmə pəhləvanlar Yunanıstanda keçirilən qitə yarışında fərqləniblər.
Lutraki şəhərində reallaşan yarışda Nizami yurdunun güləşçiləri 1 qızıl, 2 bürünc mükafata yiyələniblər. Məşqçi Arzu Rəhimovun yetirməsi 38 kq-da Musa Tağıyev ölkəmizə bürünc medal qazandırıb. Rauf Xəlilovun yetirmələrindən isə 41 kq çəkidə İbrahim Həsənov qızıl, 52 kq-da Ramal Məmmədoğlu bürünc mükafa sahib olub. Sevindirici məqam ondan ibarətdir ki, İbrahim və Ramalın rəqibləri arasında ermənilər də olub və hər ikisi görüşlərini qələbə ilə tamamlayıblar.
İbrahim Həsənov- Avropa çempionu: “Avropa çempionatı mənim üçün yaxşı keçdi. 5 görüş keçirərək Avropa çempionu oldum. Sevincli tərəfi odur ki, ¼ finalda erməniyə 10:0 hesabıyla qalib gəldim. Mən bununla kifayətlənməyəcəm. Yeniyetmələrdə, gənclərdə Avropa, dünya çempionu olaraq Azərbaycanı, Gəncəni təmsil edəcəm”.
Ramal Məmmədoğlu- Avropa üçüncüsü: “Avropa çempionatı ən vacib yarışlardan biri idi. Karyeramda bir ilk idi, bu yarışda iştirak edirdim. Ancaq bəxtim gətirmədi, üçüncü oldum. Komanda yoldaşım İbrahim kimi erməni rəqibimi məğlub edərək bürünc medal qazandım. Bu mənim üçün böyük təcrübədir. Gələcək yarışlarda bürünc medalı qızıl etmək üçün əlimdən gələni edəcəm”.
İbrahim Həsənov əməkdar məşqçi Rauf Xəlilovun Avropa çempionu olan 5-ci yetirməsi olub. Çalışdırıcı bu göstəricinin yaxşı hal olduğunu qeyd edərək gələcəkdə daha uğurlu nəticələrə imza atmağı hədəflədiklərini söyləyib.
Rauf Xəlilov- əməkdar məşqçi: “Yetirmələrimizin Avropadakı çıxışı bizi qane etdi. İbrahim Həsənovun da, Ramal Məmmədoğlunun da. 5-ci dəfə Avropa çempionu və medalçısı vermişik. Məşqçi üçün gözəl hissdir. İnşallah, nəticələrimizi daha da yaxşılaşdıracağıq. Zalımızda gələcəyin Avropa, dünya və Olimpiya çempionları yetişir. Digər güləşçilərimiz də var ki, yığma komandadadırlar. Vasif Bağırov ayın 1-2-si Serbiyada Avropa çempionatında iştirak edəcək. Həsən Həsənov isə Yakutiyada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq”.
Məşqçi gələn il Gəncənin ev sahibliyi edəcəyi MDB oyunlarına da yaxşı hazırlaşdıqlarını ifadə edib. Mütəxəssis yetirmələrinin Avropa və dünya birinciliklərində əldə etdikləri nailiyyətləri bu yarışda da təkrarlayacaqlarına inanır.
Rauf Xəlilov- əməkdar məşqçi: “Qabaqdan MDB oyunları gəlir. Yetirmələrimizdən bir neçəsi artıq həmin yarışa hazırlaşırlar. Bu yarışa da ciddi hazırlaşırıq. İnşallah, yəqin ki, Avropa və dünya çempionatlarında qazandığımız uğurlar kimi, MDB oyunlarında da medal əldə edərik”.
Avropa çempionatında fəxri kürsüdə yer alan İbrahim Həsənov, Musa Tağıyev və Ramal Məmmədoğlunun uğuru cari il üçün ilk deyil. Güləşçilər mart ayında ölkə birinciliyində çempion adını qazanıblar.
Orxan Cəfərzadə
- Baxış: 776