• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 10.06.2024 19:37

Tur paketi alarkən sığorta tələb edin!

KepezTV Player

Havaların isinməsini fürsət bilənlər xüsusən istirahət günlərində rayonlara, dağlıq ərazilərə üz tuturlar. Bəziləri bu yolu şəxsi avtomobili ilə qət etdiyi halda, bir çoxları tur şirkətləri ilə razılaşırlar. 20-30 nəfərlik qruplar şəklində yola çıxırlar. Bəs bu səyahət nə dərəcədə təhlükəsizdir? Hər hansı hadisə baş verdiyi təqdirdə kim məsuliyyət daşıyır?

Bir neçə gün öncə Cəlilabadda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi sərnişindaşıma ilə bağlı bəzi məqamların diqqətdən kənarda qaldığını göstərir. İstirahət məqsədilə qrup halında yola çıxanlar bəlkə də təhlükəsizliklə bağlı məqamı heç düşünmürlər. 

Müəyyən qism insanlar özləri avtobus tutaraq səhayət edirsə, tur ofislərə müraciətlər də az olmur. Belə olan halda vətəndaşlara səyahət sığortası təqdim olunur. 

İlqar Hüseynov- turizm ofisinin əməkdaşı: “Əlbəttə, o sığorta məsələsi vətəndaşın öz individual istəyindən asılıdır. Elə vətəndaş var ki, təminatlı, zəmanətli getmək istəyir. Onda sığortalı paket alır və yol boyu bədbəxt, xoşagəlməz hadisə baş verərsə sığorta şirkəti tamamilə qarşılayır. Eyni zamanda biz özümüz də ona cavabdehik”.

Şəxsi təşəbbüslə yola çıxanların köməyinə isə sürücülər çatır. Amma hər sürücünün idarə etdiyi nəqliyyat vasitəsinə də həyat etibar etmək olmur.

Şıxəli Qurbanov- sürücü: “Məktəb şagirdləri, iş yerlərindən Qəbələyə, Şəkiyə, Oğuza getməyə bizə müraciət edirlər. 10 ildir yollardayıq. Şükür, heç bir problem olmayıb. Biz camaatın təhlükəsizliyini özümüz qoruyuruq. Yola çıxmazdan əvvəl birinci maşının saz olmasını yoxlayırıq. Heç vaxt istəmərik problem olsun. Çünki, bizə etibar edirlər”.

Etibarı sığorta ilə təmin edənlər isə fiziki və mənəvi zərərinin ödənilməsini daha üstün sayırlar. Odur ki, səfər və ya həyat sığortası bu işdə onların dadına çatır. Lakin belə müraciətlərin sayı elə də çox deyil. 

Tural Bayramov- sığorta şirkətinin əməkdaşı: “Günü-gündən daxili turizmlərimiz artır. Bu artdığından burada sığorta riskləri də artmağa başlayır. Bunun üçün daxili turizmlə məşğul olan şəxslər vətəndaşlarımızı baş verəcək risklərdən sığortalamalıdırlar. Düzdür, həmin turlar 1 gün müddət çəkir. Amma anlamaq lazımdır ki, o səfər zamanı başımıza hər hansı hadisə gələ bilər. Qiymətləri şərti desək, sığorta şirkətindən asılı olaraq 2-5 manat arası dəyişə bilər”.

Dövlət Turizm Agentliyinin regional idarəsində də sığortalı turizmə üstünlük verilir. Səyahətin ölkənin daxilinə və ya xaricinə edilməsindən asılı olmayaraq. 

Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Biz ölkədə yaradılan turizm şirkətləri, tur operatorları tərəfindən yaradılan tur zərflərinin sığorta olunmasında, ziyarətçiləri təşviq edirik və müştərilərə də daimi maarifləndirmə işləri aparırıq ki, ümumilikdə müraciət edəndə daha çox səfər sığortalı olan turlara müraciət eləsinlər. O cümlədən, sonrakı mərhələlərdə öz hüquqlarını qorumaq üçün müəyyən problemlər olduğu halda qoruma üçün zərfləri aldıqda mütləq şəkildə müqavilələr tələb eləsinlər”.

Vətəndaşlar səyahətə çıxmazdan öncə ciddi araşdırma aparmalı, ucuz qiymətə aldanaraq, tanınmayan şəxslərin təklif etdikləri turlardan istifadə etməməlidirlər. Qiymətə yox, keyfiyyətə üstünlük verilməlidir.

Aişə Rzayeva