Misirdə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Qahirədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşü olub.
Misir şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar. Bu fikirlər Prezident İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə səsləndirilib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olunub.
Qahirədə hər iki Prezidentin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub. Ölkələr arasında müxtəlif sahələri əhatə edən 7 sənəd imzalanıb.
Prezident İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah Əs-Sisini COP29-a dəvət edib. Prezident bunu Qahirədə misirli həmkarı ilə mətbuata bəyanatla çıxış edərkən deyib. Misir Prezidenti dəvəti qəbul edib. Azərbaycan lideri ikitərəfli münasibətlərdən danışarkən ticarət həcminin artırılmasını müsbət hal kimi dəyərləndirib.
Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırıb.
Azad Mustafayev
- Baxış: 273