Bu dəfə onlar imtahan verəcəklər. Ölkədə ən çox müzakirə olunan peşə ilə məşğul olan taski sürücüləri. Qanunvericiliyə edilmiş dəyişikliyə görə, Azərbaycanda sərnişindaşıma fəaliyyəti həyata keçirən bütün sürücülər, eləcə də taksi sürücülərinin hazırlığını Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək.
Avtomobillə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər xüsusi hazırlıq keçməlidir. Onlar peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, etik davranış və sərnişin daşımalarını tənzimləyən aktlara uyğun fəaliyyət göstərməlidirlər. Buna görə də taksi sürücülərinin imtahan verməsi vacib sayılıb.
Elməddin Muradlı- nəqliyyat eksperti: "Dövlət tərəfindən qəbul olunmuş qanun və qərarlar yalnız bu sahədə normal xidmətin təşkilinə hesablanıb. Burada başqa məqsəd yoxdur. 18 min sürücü imtahanı müvəffəqiyyətlə keçib və artıq sertifikatını da alıb. Bu baxımdan mən burada qorxulu, təhlükəli bir tendensiya görmürəm. Sürücülər də narahat olmasınlar. Bilik və bacarıqlarını nümayiş etdirib, o sənədlərə yiyələnə bilərlər. Çünki bu, onların peşəsidir. Və onlar da peşələrinə aid olan suallara normal şəkildə hazırlaşsalar, çox rahat şəkildə cavab verə bilərlər”.
İmtahan sertifikatın əldə edilməsi ilə tamamlanır. Bu sənəd yoxdursa, növbəti mərhələlərdə fərqlənmə nişanı, buraxılış kartı əldə etmək mümkün olmayacaq. Qeyd edək ki, bu imtahan daha öncə imtahan verib, buraxılış vərəqəsi alan sürücülərə şamil edilmir. Yenilik isə sürücülər təfərindən birmənalı qarşılanmır.
Raqif Kazımov- sürücü: “Eləyək imtahanımızı. Nə sual varsa cavab verək. Hamı öz işini bilsin. Hər adam rolun dalına oturmaqla deyil ki! Bu işi görürsənsə, qəbul edirsənsə, deməli, müştəri ilə necə davranmaq lazımdır bilməlisən”.
Kamran Rzayev- sürücü: “Mənə imtahana gərək yoxdur. Mən imtahan verib, sürücülük hüququ almışam. Öz biliyimlə, savadımla almışam. Ehtiyac duyan insanlar özləri imtahan verərlər”.
Nizami Əliyev- sürücü: “Mən 50 ildir imtahan verirəm. 70 yaşım var. Məncə mənə ehtiyac yoxdur. Özümü nəzərə alıb deyirəm”.
Fərhad İsmayılov- sürücü: “Yaxşıdır, olmalıdır. Davranış qaydaları düzgün olmalıdr. O olmasa, sərnişin 1 dəfə oturar, ikinci dəfə gedər”.
İmtahanın nəticəsi uğursuz olan sürücülər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Çünki onlara yeddi il müddətində qüvvədə olan bir sənəd verilir.
Elməddin Muradlı- nəqliyyat eksperti: “İmtahandan keçə bilməyən sürücülərə imkan yaradılacaq növbəti dəfə iştirak edəcəklər. Sonra sertifikatlarını alacaqlar. Məhdudiyyət yoxdur. Amma bu da sonsuz deyil. Açıqlama yoxdur ki, 1 və ya 2 imtahandan sonra sürücülər üçün heç bir şans verilmir. Müraciət edib, yenidən hazırlaşsalar, təlimi keçsələr, hər halda düşünürəm ki, bu mərhələni keçə bilərlər”.
Hazırda qeyd edilən imtahanların DİM tərəfindən keçirilməsi ilə bağlı danışıqlar aparılır və prosesin yay aylarında baş tutması gözlənilir. Bu, təlimlərdə iştirak edərək daha öncə imtahan verib, buraxılış vərəqəsi alan sürücülərə şamil edilmir.
Aişə Rzayeva
- Baxış: 218