Bu gündən uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən məktəblərə sərbəst qəbul başlayır. Proses Gəncədə də həyata keçirilir.
Mehman Qəhrəmanov- şagird: “Mən bu gün məktəbə gəlmişəm. Bu məktəbi çox xoşlayıram. Burada oxumaq istəyirəm”.
Əsma Mehdiyeva- şagird: “Mən məktəbi çox sevirəm. 14 nömrəli məktəb evimizə də yaxındır. İstəyirəm burada oxuyum”.
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul süni şagird sıxlığının qarşısını almaq məqsədilə həyata keçirilir. Gəncədə belə məktəblərin sayı 11-dir.
Röyanə Alışanova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “Prioritet götürülməmişdən əvvəl həmin məktəbdə bacısı və ya qardaşı oxuyan və ya valideynlərindən biri həmin məktəbdə işləyən şagirdlərə üstünlük hüququ tətbiq olunurdu. Bugündən başlayaraq artıq qəbul sərbət formada həyata keçirilir. Valideynlər sərbəst formada istədikləri məktəbə sorğu yerləşdirə bilərlər”.
Proses vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi və sosial ədalət prinsiplərinə əməl olunmasına xidmət edir. Həmçinin qeydiyyat prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir.
Ruhanə Həsənova- valideyn: “Qız övladımı 1-ci sinfə qəbul üçün məktəbə gətirmişəm. Əvvəl də gətirmişdim. Prioritet olduğuna görə yerləşdirmək mümkün olmadı. Sonra eşitdim ki, prioritet ləğv olunub, ona görə yenidən gətirmişəm. Gülarə müəllimənin sinfinə qoymaq istəyirəm. Bu məktəb evimizə yaxın olduğu üçün, istəyirəm burada oxusun”.
Səbinə Əmirova- valideyn: “Övladımın 1-ci sinfə qəbulu üçün yaxınlaşmışam. 1 dəfə müraciət eləmişdim. Prioritet olduğuna görə uşağımı yerləşdirə bilməmişdim. İndi aradan qalxdığına görə müraciət elədim. Müəllimə tanıdığım, bildiyim, savadına bələd olduğum müəllimədir deyə, bu məktəbi istəyirəm”.
Gəncədə prioritet tətbiq olunan 1, 4, 10,12, 14, 16, 27, 28, 32, 39 və 44 nömrəli məktəblərdir.
Nərmin Fətəliyeva- 14 nömrəli tam orta məktəbin direktoru: “Hal-hazırda prioritet aradan qaldırılmışdır. Müraciət etmək istəyən valideynlər məktəbimizdə fəaliyyət göstərən alternativ mərkəzə yaxınlaşaraq övladlarının rahatlıqla 1-ci sinfə qəbul olmasına nail ola bilərlər. Qeyd edək ki, məktəbimizdə 3 Azərbaycan, 1 rus olmaqla 4 birinci sinfə qəbul var”.
Texniki dəstək üçün Gəncədə 14 və 25 nömrəli məktəblərdə yardım mərkəzləri fəaliyyət göstərir. Həmçinin valideynlər 1 saylı Gəncə ASAN Xidmət mərkəzində olan Təhsil xidməti pəncərəsindən də kömək ala bilərlər.
Aişə Rzayeva
- Baxış: 210