• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 31.05.2024 19:42

İnfarktın artmasının səbəbləri

KepezTV Player

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Ölkəmiz də bu sıradan olan infarktdan dünyasını dəyişənlər baxımından 2-ci yerdə qərarlaşıb. Bir çox hallarda insanlar gizli gedən bu xəstəlikdən xəbərsiz olurlar və sonda ciddi təhlükə, hətta ölümlə də nəticələnən hal yaşanır.

Azərbaycanda son zamanlar əhali arasında infarktdan ölüm hallarının artdığı bildirilir. Piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək və ən əsası stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Müşahidə Qasımova- kardioloq: “Xəstələr müalicə olmurlar. Sonda infarkt xəstəliyinə gətirib çıxarır. Bu xəstəliklər mərhələlərlədir. Bu mərhələdən o mərhələyə keçir. Birinci mərhələdə hər bir xəstəliyi geri qaytarmaq şansımız olur. Amma ikinci, üçüncü mərhələlərdə artıq toxumalarda dəyişikliklər getdiyi üçün xəstəliyin simptomlarını geri qaytarmaq olmur və nəticədə infarkt xəstəliyi, insult xəstəliyi yaranır”.

Ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir. Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir.

Ürək xəstəsi: “Sinirlənirik, əsəbiləşirik, bir şey olanda əsəbiləşib, xəstələnirik. Təzyiqim çoxdur, yeriyə bilmirəm ürəyə görə, nəfəs borularım tutulubdur”.

Ürək xəstəsi: “2003-də ürək xəstəsi olmuşam. Özümdə deyildim, gətirdilər məni həkimin yanına. Həkim məni sağaldıb, evə göndərdi. Ondan bəri mən xəstə olmamışdım. Son 10 gündür yenə xəstəliyim başlayıb. Rəhmətlik yoldaşım rəhmətə getdi, elə ona görə ürək xəstəliyi tapdım”.

Ürək xəstəsi: “Stressdən olur, yeriməyi sevirəm, maşınla gəzməyi yox, amma yenə başlayıb xəstəliyim. Bəlkə qidalardan ola bilər, stressdən ola bilər. İndi stress istəyir cavan, istəyir qoca, hamıda var bu”.

İndi bu xəstəliklər istənilən yaş qrupundan olan insanlarda rast gəlinir. Belə xəstəliklərdən əziyyət çəkənlərin arasında cavan nəslin də çoxluq təşkil etməsi həkimləri narahat edən əsas amillərdəndir.

Müşahidə Qasımova- kardioloq: “Əvvəllər yalnız yaşlı adamların bu xəstəliklə xəstələndiyini görərdim. Ancaq xəstəlik getdikcə cavanlaşıb. Çünki kompüter sistemi də buna çox təsir edir, saatlarla oturaq vəziyyətdə qalmaq, yəni hipodinamiya bunun risk faktorudur. İkinci, siqaretdir. Tütün istifadəsi çoxdur. Üçüncü, piylənmə - yağlı, konservantlı, qızardılmış yeməklər qəbul edirlər, bu da qida rejiminin pozulmasına və infarkta gətirib çıxarır”.

İnfarktdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyi vurğulanır. Piyada gəzmək, daha çox meyvə-tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir.

Pərvin Abbaszadə