Zəngilanda III Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Tədbirdə ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Hikmət Hacıyev- Prezidentin köməkçisi: “Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür”.
Konfransda çıxış edən BMT Baş katibinin köməkçisi İvana Jivkoviç torpaqların mina və partlamamış hərbi sursatlarla çirklənməsilə mübarizənin vacibliyini vurğulayıb. Həmin ərazilər yenidən istismar üçün bərpa edilməlidir.
İvana Jivkoviç- BMT Baş katibinin köməkçisi: “Azərbaycan ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmini üçün böyük işlər görməkdədir. “Ağıllı kənd"lərin və yaşayış yerlərinin qurulması buna nümunədir. Minadan zərər görmüş ərazilərin icmalarının bu işlərdə yaxından iştirakı, eləcə də təhlükəsiz mühitin yaradılması istiqamətində maarifləndirilmənin artırılması vacibdir. Biz biliklərimizi səfərbər etməklə hədəflərimizə tez çata bilərik”.
Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Qarabağda mina probleminin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq dəstəyin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin 10 min 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla çirklənib. Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var.
Vüqar Süleymanov- ANAMA-nın İdarə Heyətinin sədri: “Bundan başqa, işğal dövründə çaylar da böyük miqdarda çirkləndirilib. Eyni zamanda, ətraf minalardan başqa digər partlayıcılarla da çirklənib. Minanın olması ərazidə və bölgədə böyük problemə çevrilib. 900-ə yaxın yaşayış yeri dağıdılıb, torpaqlar istifadəsiz qalıb və kənd təsərrüfatına ziyan vurulub. Bu da böyük ekoloji problemə çevrilir. Tərtər, Həkəri, Qarqar çayları da işğal zamanı böyük ekoloji çirklənməyə məruz qalıb”.
Konfransda ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzi yaradılacaq. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılmasını təşviq edəcək.
Humanitar minatəmizləmə konfransının iştirakçıları daha sonra Zəngilan məscidində olublar. Qonaqlara məscidlə bağlı məlumat verilib.
Vüsalə Cənnətova
- Baxış: 285