• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 29.05.2024 19:35

Basketbol komandaları uşaq liqasında fərqləniblər

KepezTV Player

Gəncənin basketbol üzrə Uşaq Gənclər Liqalarında çıxış edən iki komandası mövsümü medalla tamamlayıb. Nizami yurdunun həm oğlan, həm də qızlardan ibarət kollektivləri mükafatçılar sırasına düşüb. 

Gəncə liqa yarışlarında oğlan və qızlar arasında 11, 13 və 15 yaşlılarda 6 komanda ilə təmsil olunub. Artıq 13 və 15 yaş qrupu üzrə liqalarda mübarizələrə yekun vurulub. 15 liqasında həm oğlan, həm də qız komandaları 2 fərqli əyarlı medala yiyələniblər. Ötən mövsüm 3-cü olan 15 yaşlı oğlanlardan ibarət Gəncə komandası cari liqada nəticəsini yaxşılaşdırıb. Finala qədər irəliləyən kollektiv yalnız həlledici görüşdə məğlub olaraq ikinci yerə layiq görülüb.

Nihat Nəbizadə- U-15 liqasının gümüş mükafatçısı: “Biz keçən il yarımfinala qədər getmişdik. Lakin həmin yarışda 3-cü olduq. Bu il isə tam hazırlaşmışdıq, bütün komanda öz üzərinə məsuliyyət götürmüşdü. Öz missiyamızı yerinə yetirdik, ikincilik də bizə görə böyük uğurdur. Gələn il də ümid edirəm ki, qızıl medalla Gəncəyə gələrik. Birinci yer bizim olar”.

Liqada eyni yaş qrupunda yarışan qız komandası isə bürünc mükafat qazanıb. Ötən il medalsız qalan zəriflər bu il uğurlu çıxış edərək doğma şəhərə nailiyyətlə dönüblər.

Nigar Quliyeva- U-15 liqasının bürünc mükafatçısı: “Çox sevinirəm ki, Gəncə komandası mükafatçı oldu. Keçən il 4-cü olsaq da, bu il irəliləyib 3-cü olduq. Bu il mən uşaq basketbol liqasında yer tutdum və istərdim ki, gələn mövsüm qadınlar liqasında oynayım, nəticə göstərim, Gəncəni təmsil edim”.

Zaur Məmmədov- U-15 qız komandasının məşqçisi: “Əzmkarlıq etdik, məşqçilərlə birlikdə kollektiv şəkildə çalışdıq. Bu il liqada üçüncü yerə layiq görüldük. Böyük bir nəticədir. Demək olar ki, son illər qadın basketboluna yer verilir, diqqət ayrılır. Komandamızdan 3 nəfər milliyə çağırılıb. Bundan sonra istəyərdik ki, milliyə daha çox idmaçı yetişdirək və Gəncə, Azərbaycan basketboluna töhfəmizi verək”.

Gəncə komandalarının baş məşqçisi Rizvan Səfərov bu liqaların basketbolçular üçün geniş imkanlar açdığını deyib. Əməkdar məşqçinin fikrincə, şəhərin yüksək liqada çıxış edən komandaları olduğundan belə yarışlar basketbolçularda stimul yaradır. 

Rizvan Səfərov- “Gəncə” komandasının baş məşqçisi: “Öncəki illərdə uşaq liqasında gələcək üçün perspektiv görsənmirdi. Müəyyən yaşa çatırdılar, daha sonra basketbolu atıb, başqa sahə ilə məşğul olurdular. Artıq peşəkarlığa qədəm qoymaq üçün stimul var. Çünki Gəncənin həm qadın, həm də kişilərdən ibarət komandaları var. Gələcəkdə həmin komandalarda yer alıb, peşəkarlığa doğru addımlaya bilərlər. Onun üçün biz valideynlərlə sıx əlaqədə oluruq ki, uşaqlar gələcəklərini basketbolda görürlər, məşqlərdə davamiyyətlərini artırıb, yüksək nəticələr əldə etməyə çalışırlar”.

Gəncənin liqada çıxış edən 13 yaşlılardan ibarət qız komandası mövsümü 4-cü pillədə başa vurub. Bu yaş qrupunda oğlanlar isə 5-ci olublar. 11 liqasında isə mübarizə davam edir.  

Orxan Cəfərzadə