• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 22.05.2024 19:48

Attraksionlar - əyləncə təhlükəlidirmi?

KepezTV Player

Attraksionlar. Valideynlərin uşaqların əyləncəsini təşkil etmək üçün müraciət etdiyi müxtəlif qurğular. Gəncədə də bir neçə məkanda belə vasitələr var ki, orada nəinki balacalar, elə böyüklər də uşaqlıqlarını yada salırlar. Amma bəlkə çox az kəsin fikrində həmin qurğuların istifadəyə yararlılığı, saz vəziyyətdə olması gəlir. 

Attraksionlar uşaqlar üçün ən sevimli əyləncə vasitəsi hesab olunur. Müxtəlif təyinatlı olan bu qurğular əyləncə qədər adrenalin, həyəcan, elə təhlükə də yaradır. Ələlxüsus da sonuncu heç də xoş olmayan nəticə ilə yekunlaşa bilir. Gəncənin bir neçə parkında çox sayda olan attraksionlardan gündə yüzlərlə uşaq istifadə edir. Kimisi tək, kimisi isə valideynin nəzarəti altında. 

Şəhər sakini: “Ən azından, qurublarsa deməli, təhlükəsizdir ki, qurublar. Quraşdırıblar və bu boyda adam gəlirsə, inşallah, təhlükəsiz olar. Yüz faiz yox. Yüz faiz təhlükəsiz ola bilməz”.

Şəhər sakini: “Nəvələrimi parka gətirmişəm. Şəxsən mən öz adımdan deyirəm ki, mən nəvələrimi bu karusellərə minməyə qoymaram. Çünki həm körpədirlər, həm də qorxurlar. Yəqin ki, bunu düzəldəndə fikirləşiblər ki, təhlükəsiz olar-olmaz. Yəqin ki, təhlükəsiz olar”.

Şəhər sakini: “Özümüz də görürük ki, kiçik bir problem olduqda aradan qaldırırlar. İstifadə etdikdə, tam əmin olduqdan sonra təhlükəsizdir”.

İndiyə qədər attraksionlardan istifadə zamanı kifayət qədər qəza hallarına şahidlik etsək də, Gəncədə belə bir vəziyyətlə rastlaşmaq demək olar ki, müşahidə edilməyib. Lakin bu, qurğuların təhlükəsiz olması, nazaslığın yaranmaması anlamına gəlməməlidir. Nəzərə alsaq ki, bu qurğuların müəyyən qismi uşaqlarla yanaşı, elə böyüklər üçün də nəzərdə tutulub, onda baş verə biləcək təhlükənin miqyası daha da böyümüş olur. 

Xəyalə Çelikbaş- park meneceri: “Hər gün bütün attraksionlarımız texniki baxışlardan keçir. Mexaniklərimiz və texniklərimiz tərəfindən bütün attraksionlar tək-tək olaraq yoxlanışdan keçirilir. Bizə gələn ziyarətçilər, vətəndaşlar, turistlər, yerli əhalinin təhlükəsizliyi bizim üçün önəmli olduğu üçün hər gün texniki baxışdan keçib, ondan sonra insanların istifadəsinə verilir. Hər gün texniki baxışdan keçdiyi üçün bizdə bu zamana kimi - 9 il ərzində heç bir problem yaşanmayıb”.

Vaqif İsgəndərzadə- texnik: “Texniki baxışlar əsasən aylıq qrafikə əsasən görülür. Gündəlik işimizdə bütün karusellər qrafik əsasında bir-bir texniki baxışdan keçirilir. Elə gün olur 5 karusel, elə gün olur 10 karusel. Karusellərdə çatışmazlıq olduqda müəyyən işləri sabaha qoyub, o işlərin nəticəsini sabah əldə edirik. İşlədiyimiz sahədə indiyə qədər texniki, mexaniki cəhətdən heç bir hadisə baş verməyib. Həmişə də aqreqatlarımızı saz vəziyyətdə saxlamışıq”.

Texnik: “Təhlükəsizlik qaydalarının hamısına riayət edilir. Əgər hər hansı bir qurğu qırılarsa, problem yaranarsa parkın rəhbərliyi tərəfindən hamısı yerindəcə təmir olunur, həll olunur”.

Attraksionların cari yoxlaması ilə yanaşı, planlı yoxlamaların da həyata keçirilməsi aparılır. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən il ərzində 4 dəfə sözügedən qurğulara baxış keçirilir. Hər hansı nasazlıq aşkarlanmayan attraksionlara sertifikat verilir. 

Tural Qocayev- FHN-in əməkdaşı: “Attraksionları istismar edən hüquqi və fiziki şəxslər digər tələbləri də yerinə yetirməlidirlər. Belə ki, işçi heyətinin texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə digər tələblərə uyğunluğunu təmin etməlidirlər. Bunun üçün istismarda olan attraksionların təhlükəsiz istismarını təmin etmək məqsədilə vəsiqəsi olan texniki işçilər təyin edilməli və attraksion operatorları işə cəlb edilməlidir. Texniki qurğuların diaqnostikası və ümumi yoxlanışlarını keçirməlidirlər. Aşkar edilmiş qanun pozuntusu insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdıqda və pozuntunun dərhal aradan qaldırılması mümkün olmadıqda onların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılır”.

Əgər vətəndaşda qurğunun istismarı ilə bağlı hər hansı şübhə yaranarsa texniki baxış və müvafiq təhlükəsizlik sertifikatını tələb edə bilərlər. Əsas olan isə müvafiq sənədlə yanaşı, qurğunun real işlək vəziyyətdə olması və sazlığıdır. 

Pərvin Abbaszadə