• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 20.05.2024 20:18

İnsanların fitnesə marağı - sağlamlıq, yoxsa görkəm?

KepezTV Player

İdman sağlamlıqdır. Bunu hamı bilir. Amma bəziləri idmanla məşğul olsa da, əsas hədəfi sağlamlıq yox, gözəl bədən quruluşunun olmasına verirlər. Etiraf etməliyik ki, bu gün insanların bir çoxu arzuolunan bədən formasına sahib olmaq üçün çox şeydən keçməyə hazırdılar. Elə qadınlı kişili. Bəzən sağlamlıqlarından da…

Son illər fitnesə maraq artıb. “Çəkim artıb, gərək idman edim” fikri artıq dəyişib. İnsanlar sağlamlıq üçün idmanı seçirlər. Onlar arasında isə yaşlılar və ağır zehni işlə məşğul olanlarla yanaşı daha çox gənclər üstünlük təşkil edir.

Qeyis Əzizov- həvəskar idmançı: “İlk öncə özümü fiziki cəhətdən çox gücsüz və zəif hiss edirdim. Çəkim də həddindən artıq çox idi. Həyatım rejimə düşməmişdi. İdmandan əvvəl həyatım passiv şəkildə keçirdi. Fitneslə məşğul olduqdan sonra həyatımı avtomatik olaraq rejimə sala bildim. Gündəlik planlarımı normal şəkildə qura bildim. Ondan əlavə çəkimi istədiyim formaya sala bildim. İl yarımdır bu idman növü ilə məşğul oluram. Özümü hal-hazırda gümrah hiss edirəm və hər bir Azərbaycan gəncini sağlam və iradəli olmağa çağırıram. O cəhətdən hər bir kəsi idmana dəvət edirəm”.

Akif Abbasov- həvəskar idmançı: “5 aydır artıq bu idmanla məşğulam, çəkim qalxıb 70 kiloqrama. Paltarlarım əynimə yaxşı olmurdu, zəif idim. İndi yaxşı durur. İnsan bu idmanla məşğul olduqda özünü rahat hiss edir, yaxşı hiss edir, güclü hiss edir. Əvvəl zəif görsənirdim, indi yaxşı görsənirəm. İnsanlara tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, idman sağlamlıqdır. Gənclərimiz asudə vaxtlarını burda keçirsinlər”.

Bürhan Abdullayev- həvəskar idmançı: “İdman Akademiyasına hazırlaşıram. Burda peşəkar müəllimlər tərəfindən bizim üçün proqramlar qurublar. İlk dəfə bura gəldikdə idman qabiliyyətim sıfır idi. Amma indi turnik də edə bilirəm, fiziki gücüm də artıb. Özümdə ciddi dəyişiklik görürəm və hamıya məsləhət görürəm ki, idmana başlasınlar”.

İdman salonlarında günlərin sayına uyğun olaraq aylıq qiymətlər 30-50 manat təşkil edir. Bu, salonlarda şəxsi məşqçi xidmətinin göstərilməsindən asılı olaraq dəyişir.

Cahan Nəzərli- fitnes məşqçisi: “Fitnes söz olaraq forma və sağlamlıq mənasına gəlir. Fitnesin digər idman növlərindən fərqli cəhəti burda hədəf əzələ qruplarının daha da sıxlaşdırılması və gücləndirilməsidir. Bu idman növüylə məşğul olduqda insanın özgüvəni artır, yuxu və qida rejimi sabitləşdir. Burada insan özü-özünün hekəltəraşı və rəssamı olur, çünki bədəni istədiyin formaya sala bilirsən və burda loru dildə desək, pul ilə əldə edəcəyin bir şey olmadığı üçün sən onu əziyyətlə bəhrələnmiş olursan. Yəni əziyyətinin nəticəsində sən o formanı əldə etmiş olursan”.

Uzun müddətdir fiziki təlim məşqçisi kimi fəaliyyət göstərən Niyazi Nəbiyev həm xanımlara, həm də kişilərə məşq keçir. Onun sözlərinə görə, bəylərdən fərqli olaraq xanımlar, əzələ kütləsi yığmaq üçün deyil, daha çox çəki atmaq üçün fitnesə üz tuturlar.

Niyazi Nəbiyev- fiziki təlim məşqçisi: “Şəhərimizdə həm peşəkar, həm də həvəskar idmançılardan hər birinin həm fitnesə həm də xüsusi fiziki təlim məşqlərinə qarşı olan maraqları günü-gündən artır. Sevindirici haldır ki, həmin tendensiya zalda davam edir. İdmançılardan oğlanlarla yanaşı eyni vaxtda xanım həvəskar idmançılarımız da çoxdur. Günü-gündən artması sevindirici bir haldır”.

Hər kəs öz sağlamlığı və görkəmi üçün müxtəlif vasitələrdən istifadə edir. Amma burada səhv etmək gözəllik yox, kobudluq yaradar. Hər bir halda bu idman növündə ehtiyatlı davranmaq lazımdır. Çünki düzgün edilməyən məşqlər ciddi fəsadlara səbəb ola bilər.

Pərvin Abbaszadə