• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 20.05.2024 19:40

Amerikalı məşqçilərin güləşçilərə master-klassı

KepezTV Player

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkədən olan qadın güləşi üzrə mütəxəssislər ölkəmizdə səfərdədir. Mayın 14-dən Azərbaycanda olan amerikalı çalışdırıcılar Bakıdan sonra Göygöldə kiçik yaşlı güləşçilərə master-klass keçiblər.

“Qız kimi güləş” şüarı altındakı proqram çərçivəsində 14 nəfərlik məşqçi heyət qərb regionundan olan yeniyetmələrlə təcrübələrini bölüşüblər. Yerli Olimpiya İdman Kompleksindəki təlimlərdə idmançılara müxtəlif fəndlər əyani şəkildə nümayiş etdirilib, onlara müəyyən qaydalarla bağlı məlumatlar verilib. Həmçinin güləşçilərlə yanaşı məşqçilərə bəzi güləş fəndləri, yarışdan əvvəl və yarış zamanı edilən prosedurlarla bağlı məlumatlar verilib. 

Teyla Baker- amerikalı məşqçi: “Bizim icra etdiyimiz proqram ABŞ dövlət departamentinin nəzdində həyata keçirilir. Burada idman diplomatiyası proqramı çərçivəsində qonağıq. Bu xüsusi layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilir. Məqsədimiz hər iki ölkənin güləş ənənələrini, bilik və bacarıqlarımızı paylaşmaqdan ibarətdir. Uşaqlar çox həyəcanlıdırlar. Bizə hörmətlə yanaşırlar. Sizin güləşçilərin çox yaxşı fəndləri, texnikaları var, qısacası, idmançılarınız çox təkmilləşib və belə proqramların da önəmi ondan ibarətdir ki, bir-birimizdən nələrisə öyrənirik və bunun sayəsində hər iki ölkədə güləşin inkişafına və təbliğatına töhfə veririk”.

Dan Russel- amerikalı məşqçi: “Bu uşaqlar çox böyük bir güləş tarixi olan ölkənin nümayəndələridir. Biz bilirik ki, Azərbaycan güləşə görə tanınır, məşhurdur. Bu təlimdə gələcəyin çempionları var. Mən bunu hiss edirəm. Ölkənizin çox qədimə dayanan güləş ənənələri var. Burada etdiyimiz məşqlərdə baza fəndlərini yerinə yetirdik və bir neçə fənd var ki, bu ABŞ-da məşhurdur, biz onları icra etdik. Azərbaycana gəlmək çoxdankı arzum idi. Ölkəniz çox gözəldir. İnsanları da mehribandır. Ümumilikdə sizin qonaqpərvərliyiniz məni çox valeh etdi”.

Proqram çərçivəsində ötən ilin sonunda yerli məşqçi və hakimlərimiz ABŞ-da təlimdə olublar. Həmin təlimin iştirakçısı, Azərbaycanın ilk beynəlxalq dərəcəli qadın hakimi Sevinc Yusibova ölkəmizdə belə proqramların həyata keçirilməsinin önəminə toxunub. 

Sevinc Yusibova- məşqçi: “Qız kimi güləş” proqramının məzunuyam. Çox şadam ki, bu proqramı təşkil edənlər buradadırlar. Yadınızdadırsa biz də getmişdik, siz bizdən müsahibə almışdınız. Amerika səfirliyinə, bu mübadilə proqramını təşkil edənlərə təşəkkürümü bildirirəm. Belə proqramlar çox olsa idman inkişaf edər. Uşaqlar üçün bu, çox vacibdir. Çünki onlar təcrübələrini artırırlar və bunu yarışlarda nümayiş etdirərlər”.

Təlimlər mayın 25-dək davam edəcək. Göygöldən sonra amerikalı mütəxəssislər Lənkəran və Masallıda da olacaqlar.

Orxan Cəfərzadə