• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 14.05.2024 19:15

"Xan arxı"nın "gözoxşayan" mənzərəsi

KepezTV Player

Gəncənin məşhur “Xan arxı” suvarmadan çox məişət tullantılarının qalaqlandığı su axarı kimi xoş olmayan mənzərə yaradır. Sakinlər bir yana, iaşə obyektləri tərəfindən də çirkləndirilən arx ətrafa saçdığı üfunət qoxusu və yaratdığı antisanitar vəziyyətlə daha çox diqqət çəkir.  

"Xan arxı"nın Gəncənin Abbas Səhhət küçəsindən keçən hissəsi. Təyinatı suvarma məqsədli olsa da, müşahidə edilən mənzərə ürək bulandırır. Qalaqlanan məişət tullantıları, çatdırılması mümkün olmayan üfunət qoxusu, ətrafda yaşayanlar üçün yaratdığı antisanitar vəziyyət. Maraqlı məqam isə tullantıların əsasən plastik qablardan ibarət olmasıdır. Arx boyu yaşayan sakinlərin buna öz izahı var.

Elmar Əhmədov- sakin: “Sakinlər zibil tullayırlar, restoranlardan tullayırlar. İyrənclik əmələ gəlir. Siçovul yığılır. Bu, hər dəfə təmizlənir, amma yenə də restoranlardan zibillər tullayırlar, o da iyrənclik əmələ gətirir. Üfunətdir, iydən durmaq olmur”.

Rüstəm Məmmədov- sakin: “Bu, “Xan arxı”dır. Ata-babadan “Xan arxı” adlanır. Yuxarıdan restoranlar, obyektlər plastmas butulkaları atırlar. Bu da gəlir bu borunun ağzını tutur. Sakinlər çətinlik çəkirlər, su çirklənir, iyisi-qoxusu buraları götürür. Tez-tez - həftədə bəlkə 2 dəfə təmizlənir, amma xeyiri yoxdur. Gəlirik, yenə belədir”.

Qurban Yusifov- sakin: “Zibilin problemi budur ki, əhali tökür, obyektlər, yeməkxanalar. Bir də ki, bəzi yerlərdə zibil qabları olmadığına görə əhali tökür. O da hər gün gəlirik bura, görürük ki, belə problemdir”.

Arxda tullantıların qalaqlanması tez-tez daşmalara gətirib çıxarır. Suyundan suvarmada istifadə edilməsindən danışmaq isə yersiz olar. Sakinlərlə söhbət zamanı məlum oldu ki, mövcud vəziyyət uzun müddətdir müşahidə olunur. Axıntı ilə gələn tullantılar səbəbindən açıq havada belə durmaq olmur. Aydınlıq saydığımız su zərərli mikrob və bakteriya mənbəyinə çevrilib.

Samiq Qasımov- sakin: “Yuxarıdan məişət əşyalarını insanlar tökür, obyektlər tökür. Bunlar axır gəlir, bura zibillər yığılır, antisanitariya əmələ gəlir. Beləliklə də problem yaradır - suyun daşmasıdır, suyun getməsinə imkan vermir. Həftədə bir dəfə, 10 gündən bir gəlib təmizlənir, amma yenə eyni prosesdir”.

Nurəddin İsmayılov- sakin: “Bunun səbəbini mən millətimə deyirəm ki, ay millətim, başa düş, bu, xəstəlikdir. Niyə tullayırlar zibili? Zibil maşını var, zibil daşıyan var. Bunların hamısını gərək nəzərə alsınlar. Çirklənmiş sudur, görürük burda. Hələ suyun səviyyəsi qalxmışdı, az qala körpünün üstünə çıxırdı”.

Arzu Mustafayev- sakin: “Son 5 ildə bura bərbad hala düşdü. Kanalizasiya, üfunət, siçovullar, Burda antisanitariya çoxdur. Mikrobdur, it-pişik ölüsü hər şey burdadır. “Yeni Gəncə”nin kanalizasiyası axır gəlir. Aşağıda mənim qaynatamın evi var, bura tutuldu, 4-5 dəfə sel aparıbdır. Bir dəfə bura tutulub, gecə səhərə qədər sel gedib. Kapron butulkalardır, hamısı baş tərəfdən axır gəlir”.

“Xan arxı” Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan su axarı olduğundan onun işlək olmasına da idarə nəzarət edir. Amma arx boyu zibil tutumlarının kifayət qədər olmaması, eləcə də arxa axıdılan tullantılar, idarə əməkdaşları üçün əlavə çətinliklər yaradır. 

Vüsal Məmmədov- Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: “Hər həftənin 1 və 2-ci günləri burda təmizlik işləri gedir. Gördüyünüz kimi texnikalar işləyir. Səbəb budur ki, vətəndaşlar və “Xan arxı”nın üzərində olan obyektlər, yəni restoranlar bütün məişət tullantılarını bu arxa atırlar. Biz neçə dəfə xəbərdarlıq etmişik, bəzilərinə xahiş edirik ki, arxı zibilləmək olmaz, arxlarımızı batırmayın. Buna baxmayaraq, bu vəziyyət davam edir. Ən çox plastik qablardır. Ümumiyyətlə, bütün məişət tullantılarını kanallarımıza atırlar. Misal üçün, gəlir burda, hal-hazırda görürsünüz ki, bu yolun altından boru var. Su boru vasitəsilə keçirir. Əgər boru tutulsa, bu su dolub, daşacaq və çətin bir vəziyyət yarana bilər”.

Görünür, nəticəsiz qalan xəbərdarlıqlardan daha sərt inzibati tədbirlərə əl atmağın vaxtıdır. Belə olan təqdirdə tarixi əhəmiyyətə malik olan “Xan arxı”nın hazırkı qəbulolunmaz mənzərəsi bəlkə də müşahidə edilməz. 

Pərvin Abbaszadə