• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 11.05.2024 19:38

Yaz-yay mövsümünün geyim dəbi

KepezTV Player

Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Necə deyirlər: "gözəllik ondursa, doqquzu dondur". Buna görə də həm xanımlar, eləcə də bəylər daima dəbi izləyib, ona ayaq uydurmağa çalışırlar. Bəs yay mövsümündə dəb hansı geyimlərdən yana olacaq? İnsanların tələbatı dəblə ayaqlaşırmı?

Hər mövsüm geyimlərdə müəyyən rəng çalarları, üslublar, parçalar və kəsimlər dominantlıq təşkil edir. Həmçinin modada hər il yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilir. Bu il də həmin illərdən biridir. Çünki ötən ilin eyni dövründə olan geyimlər və rənglər məhz yay geyimlərində populyar olacaq.

Arifə Qasımova- modelyer: “Yaz- yay geyimlərində açıq tonlu parçalar dəbdədir. Bu rənglərə aiddir açıq narıncı, yasəmən rəngi və ağ rəng üstünlük təşkil edir. Paltarların kəsimlərində də enli paltarlar, enli ətəklər, şalvarlar, gödək koftalar üstünlük təşkil edir. Yuxarı yaş təbəqələri üçün boş koftalar, ətəklər dəbdə olacaq”.

Geyim üzrə dizayner Reyhanə Ələsgərova kişi geyimlərində dəbdə olacaq model və rənglərdən də danışıb. Kolleksiyada daha çox əvvəlki illərdə olan modellərə rast gəlinəcək.

Reyhanə Ələsgərova- geyim üzrə dizayner: “Bir neçə ildir ki, kişilərdə də tünd rənglərdən çox əlvan rənglər, daha xoş rənglər trenddir. Kişilərdə demək olar ki, cızıqlı pencəklər, dama-dama köynəklər, onların çalarları daha çox dəbdə olacaq. Qaldı ki, modellərə demək olar ki, neçə ildir ki, modellər təkrar olunur. Çox dəyişiklik yoxdur. Yenə açıq mavi, yaşıla çalan mavi, narıncı ilə mavinin qarışığı daha çox olacaqdır”.

Bəs maraqlıdır mağazalarda tələbat olan geyimlər ilə dəb üst-üstə düşürmü? Satıcılar da isti havalarda əksər insanların açıq rənglərə üstünlük verdiyini və vitrinlərdə də belə məhsulların çoxluq təşkil elədiyini dedilər. Qiymətlərdə isə ötən illə müqayisədə bir qədər artım müşahidə olunur. Tahir Qocayev- mağazanın meneceri: “Hər il olduğu kimi bütün xanımların yayda istifadə etdiyi modellər mavi, çəhrayı, ağ bunlar daha çox dəbdədir. Yeni mövsüm kolleksiyamız artıq vitrinlərimizə asılıbdır. Qiymətlərimiz köynəklər 15 manatdan 25 manata kimidir. Şalvarlar 15-dən 35-ə kimi, koftalar isə 12 manatdan başlayır 25-ə kimi. Qiymətlərdə cüzi artım var”.

Günel Zərgərova- mağazanın meneceri: “Yay dönəmi olduğu üçün artıq mağazamızda donlar, ətəklər, rəngli mallar var. Ən çox çəhrayı, mavi, yaşıl rənglərdir. Donların qiyməti 15 manatdan başlayır 45 manata kimdir. Ətəklərin qiyməti 10 manatdan başlayır 35 manata qədərdir”.

Bundan başqa isti havalarda geyindiyimiz geyimlərin rəngi belə xüsusi önəm kəsb edir. Bunun səbəbi isə istinin orqanizmə neqativ təsirini minimuma endirməkdir.

Arifə Qasımova- modelyer: “Məsləhətimiz odur ki, əsasən təbii parçalardan istifadə olunsun. Bunlara aiddir atlas, kətan və pambıq parçalar. Bir də açıq rəngli parçalardan daha çox istifadə etmək lazımdır ki, Günəşin enerjisini geriyə qaytarsın və insan bədəni rahat nəfəs ala bilsin”.

İsti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək məsləhət görülmür. Belə dövrlərdə daha çox havakeçirici parçalardan istifadə edilməlidir. Bu mənada istər baş örtükləri, istərsə də geyimlər pambıq materialından olmalıdır ki, bədən nəfəs alsın. 

Aişə Rzayeva