Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Bu gün Azərbaycanın müstəqillik tarixində Ulu öndərin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Hələ Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən öncəki, Sovet dövründə Heydər Əliyev ölkəmizin gələcəyi üçün lazım olan maddi, milli-mənəvi dəyərləri işləyib hazırlayırdı. Müstəqilliyimizin bərpa edildiyi dövrdə isə Azərbaycan qısa müddət ərzində iqtisadi rifaha nail oldu. Nəhayət, 2020-ci ildə Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Heç şübhəsiz ki, bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bu isə Milli liderin uzaqgörən siyasəti sayəsində mümkün oldu...
Azərbaycan xalqı və dövləti qarşısında ikiəsrlik misilsiz tarixi xidmətləri olan Ümummilli lider Heydər Əliyev... Bütün həyatını doğma xalqına həsr etmiş Ulu Öndərin fəaliyyətini mahiyyətcə bir neçə mərhələyə bölmək olar. Bu mərhələlər biri-birindən ideologiya, xarakter və mövcud sistemə görə fərqlənir. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi, 1982-1987-ci illərdə Siyasi büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini... Faktiki olaraq SSRİ rəhbərlərindən biri olan Ümummilli Lider dünyanın hər bir yerində Azərbaycanı təbliğ edirdi. O dövrlərdən başlayaraq ölkəmiz üçün yorulmadan çalışırdı. Lakin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Sonrakı illərdə Azərbaycan və Naxçıvanın xalq deputatı, sonra isə Naxçıvan Ali Sovetinin sədri seçilən Ulu Öndər bütün təzyiqlərə baxmayaraq, qalan ömrünü də məhz xalqına həsr etdi.
Yenicə öz ayaqları üzərində dayanan ölkəmiz 1993-cü ilədək ciddi sınaqlarla üz-üzə qaldı. Hakimiyyət qanadları arasında mübarizə dövlət müstəqilliyinin itirilməsi təhlükəsinə gətirib çıxardı. Ölkə xaricdən dəstəklənən separatçı qüvvələrin fəaliyyəti sayəsində parçalanma və vətəndaş müharibəsi həddinə çatdı. Belə bir çətin şəraitdə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Xalq Heydər dedi. Ümummilli lider Azərbaycan dövlətini faktiki olaraq parçalanmaqdan xilas etdi. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu oldu.
Musa Qasımlı- Milli Məclisin üzvü: “...1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də Konstitusiya yox idi. Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdirdi, onun memarı oldu Azərbaycanı inkişaf yoluna çıxartdı”.
Mixail Zabelin- Milli Məclisin üzvü: “Heydər Əliyev Azərbaycan xalqının ən yüksək keyfiyyətlərini - prinsipiallıq, cəsarət, tolerantlıq, səmimiyyət, mehribanlıq, eyni zamanda qətiyyətlilik kimi keyfiyyətləri özündə cəmləşdirib. Heydər Əliyev hələ Sovet illərində faktiki olaraq Azərbaycanın işıqlı gələcəyinin təməllərini qoydu. Və yeni Azərbaycanın yaradıcısı oldu. Təəssüf ki, Heydər Əliyev Qarabağın azad edilməsi günlərinədək ömür sürmədi, o bu günlər barədə xəyal edirdi, hər zaman deyirdi ki, vaxt gələcək Azərbaycan bütün itirilmiş torpaqlarını işğalçılardan geri qaytaracaq, onun bu arzusunu prezident İlham Əliyev reallaşdırdı”.
Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Ümummilli Liderin təməlini qoyduğu Azərbaycançılıq ideologiyasına sadiq olan xalqımız dahi şəxsiyyəti qürurla yad edir.
Vüsalə Cənnətova
- Baxış: 267