• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 08.05.2024 19:56

Azərbaycan-Bolqarıstan əlaqələri güclənir

KepezTV Player

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar. 

Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü keçirilib. Dövlət başçılarının geniş tərkibdə görüşü də olub. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin yaxşı ənənəyə çevrildiyini, tərəfdaşlığın gücləndirəcəyini bildirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir. Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.

Rumen Radev- Bolqarıstan Respublikasının Prezidenti: “Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memorandumu əsasən həyata keçirilir. Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır”.

Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalanıb. Prezident İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməyə imza atıblar.

"Son vaxtlar Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Enerji sektorundakı əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir”. Bu fikirləri Prezident İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radevlə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın Bolqarıstana təbii qaz ixracı ikitərəfli münasibətlərin yüksək zirvəsi hesab edilir. Azərbaycan qazının Bolqarıstana ixracında ilədən-ilə artım müşahidə edilir. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi. Və bu il bizim hesablamalarımız onu göstərir ki, ilin sonuna qədər 1.5 milyard Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının haradasa 50 faizini təşkil edir”

Bu gün rəsmi Bakı yaşıl enerji sektorunda da öz sözünü deməkdədir. Bunun səbəbi ölkəmizdə "yaşıl enerji" mənbələrinin zəngin olmasıdır. Belə ki, Azərbaycanın bərpaolunan enerji mənbələrinin potensialı quruda 135, dənizdə isə 157 qiqavatdır. Yaxın perspektivdə bu sahədə Bolqarıstanla da əməkdaşlıq ediləcək.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bir layihəni də bu gün biz müzakirə etdik. O da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq”.

Bolqarıstan Prezidenti Rumen Radevin bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığı genişləndirmək gücündədir. Bugünkü səfərin son dövrlərdə baş tutan 4-cü görüş olduğunu vurğulayan Bolqarıstan lideri hər iki ölkəni dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət baxımından nümunə hesab etdiyini deyib.

Rumen Radev- Bolqarıstan Respublikasının Prezidenti: “Hətta bələdiyyələr səviyyəsində də əməkdaşlıq edirik. Rəqəmsallaşdırma, yaşıl enerji, turizm, mədəniyyət sahəsində birgə əlaqələrimiz var. Ona görə Azərbaycan və Bolqarıstan Respublikaları arasında Strateji Tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu, əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması ilə bağlıdır. Biznes Forum keçirilir, orada da sənədlər imzalanır. Biz regionumuzda sabitliyin bərpası üçün əlimizdən gələni edəcəyik”.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib. 

Bolqarıstan Prezidenti Rumen Radev həmçinin Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Bolqarıstan Prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Vüsalə Cənnətova