Son 10 gündə havaların həddindən artıq isti keçməsi Azərbaycanın turizm sektorunda canlanma yaradıb. Qərb bölgəsi də bu baxımdan yerli və xarici turistlərin diqqət mərkəzində olan məkan oplduğundan Göygöldə kənd turizminə tələbatın yaranması ilə maraqlandıq.
Dağlıq bölgələrdə yerləşən istirahət mərkəzlərində, kənd qonaq evlərində, kampinq ərazilərində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Xüsusilə Hacıkənd kurort zonası, Göygöl və Daşkəsən üz tutulan əsas istirahət zonalarındandır. Bəs insanlar təbiət qoynunda istirahət üçün hansı məkanları seçirlər?
Sakin: “Bildiyiniz kimi təbiətdə kafelər olur. Orda istirahət üçün yerlər verirlər. Biz ən çox onlara üstünlük veririk. Çünki onlar daha ürəyəyatımlı olur. Hansısa kafeyə, restorana getməkdənsə, kampinq edirik, o daha yaxşıdır”.
Sakin: “Dağlıq zonaya getdikdə daha çox kafelərdir, kafelərin daxilində yerləşən kiçik otaqlardır. Yəni bunlara getməyi xoşlayıram, nəinki restoranlara. Həm sərfəlidir, həm də təbiidir. Dağ havası adamda yaxşı emosiya, yaxşı təəssürat yaradır”.
Sakin: “Mən yay vaxtı dağlıq ərazilərə, Kəlbəcərə gedirəm, oranın təbiəti daha əsrarəngiz, daha gözəl olduğuna görə oranı seçirəm. Orda istirahətimiz üçün xalça aparırıq, yemək də aparıb, ailəvi istirahət edirik. Restoranlardan daha çox təbiətdə istirahətimizə önəm veririk. Yemək-içməyi özümüz edirik, bu, daha məqsədəuyğun, daha əyləncəli olur”.
Sakin: “Təbiəti daha çox sevdiyim üçün, təbiət qoynunda istirahət edirəm. Bu dəqiqə orda da restoranlar, əyləncə mərkəzləri çoxluq təşkil edir. Amma mən buna baxmayaraq təbiətin qoynunda istirahət etməyi, təbii gözəlliyi daha çox sevirəm. Bax, pendir-çörək olsun, təndir çörəyi olsun, oturub onu təbiət qoynunda, təmiz havada qidalanmaq mənim üçün o restoranlardan daha özəldir, daha gözəldir”.
İstilərin gəlişi hər kəsi daha sərin bölgələrə, xüsusən də dağ rayonlarına üz tutmağa vadar edir. İnsanların daha çox kampinq məkanlarına üstünlük verdiklərini nəzərə aldıqda bir sual ortaya çıxır. Kampinq ərazilərinin qiymətində bahalaşma varmı? Şəraitdən asılı olaraq qiymətlər hansı aralıqda dəyişir?
Elsevər Əliyev- inzibatçı: “Bizdə əsas yerli turistlərdir. Yeni mövsümə hazırlaşırıq, inşallah, bu il də turistlərimiz üçün gözəl istirahət olar. Keçən il yağışlar bir az imkan vermədi turistlərin gəlişinə, istirahətinə. Bu il inşallah, yaxşı olar. Çardaqlarımız var, çardaqlarımızın ön hissəsində manqalxanası var. İstəsələr qab-qacağını da veririk. Qiyməti 10 manatdır. Ailəvi gəlib otururlar. Hər bir çardağımız da 12 nəfərlikdir”.
Vüqar Qurbanov- inzibatçı: “Bəli, turistlərimiz gəlməyə başlayıb. Hər millətdən gəlirlər - Rusiyadan, Türkiyədən. Hər yerdən turistlərimiz var. İstilərlə bağlı endirim də olunubdur. Özlərilə yemək gətirirlər, masaları icarəyə veririk. İcarə yeri 4-5 manata var, 10 manata var. Baxır ailəyə, ailədəki adam sayına”.
Dağlıq zonalara istirahətə üz tutan insanların bir çoxu kirayə evlərə də üstünlük verirlər. Yəni gecələməklə həftəsonları vaxtlarını təbiət qoynunda keçirirlər. Hələlik bu tip müraciətlərin sayının az olması qiymətlərə təsir göstərməyib. Belə ki, ötən ilə nisbətən qiymətlərdə hətta 20-30 faizə kimi endirim də var.
Aydın Məmmədov- ev sahibi: “Biz burda kirayəyə evlər veririk. Hər qiymətə evlər var. Mövsüm hələ indən sonra başlayır, bu dəqiqə qiymətlər- günlük 30 manata da, 40 manata da var. Misal üçün iyun-iyul aylarında 60 manata da var, 70 manata da var. Yaxşı şəraiti olsa 40 manata belə. Çünki indi hələ mövsüm təzə-təzə başlayır”.
Xüsusilə son 10 gündə qərb bölgəsində turizmin canlandığını sahibkarlar da təsdiqləyir. Gün ərzində Hacıkənd zonasına təxmini 1000 qonaq səfər edir.
Vüqar Mehtiyev- Hacıkənd Bələdiyyəsinin sədri: “Burda turistlərin gəlişi ən çox iyun-avqust aylarına təsadüf edir. Sevindirici haldır ki, yerli turistlərlə yanaşı xarici turistlərimiz də olur. Bu turistlər ən çox Türkiyə, Rusiya, Amerikadan gəlirlər. Gələn turistlərimizin mədəni istirahəti üçün infrastrukturumuzu təkmilləşdirmişik”.
Gəncə Regional Turizm İdarəsindən bildirilib ki, turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə, bölgələr üzrə turizm marşrutları müəyyənləşdirilir. Kənd qonaq evlərinin inkişafı, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən proqramlar hazırlanır.
Pərvin Abbaszadə
- Baxış: 367