Düzgün istifadə olunmayan, ehtiyatlı davranılmayan texnologiya bizim dostumuz deyil. Öncə rəqəmsal dünyanın təhlükələrindən özümüzü qorumağı öyrənməliyik. Söhbət kibercinayətkarlardan gedir. Günümüzdə bu dələduzluq üsulunun qurbanlarının sayı isə kifayət qədərdir.
Son zamanlar sosial şəbəkələrdə “kart dələduzlarının” artdığının şahidi oluruq. Özü də bu sahədə fəaliyyət göstərənlər getdikcə texnoloji qabiliyyətlərini inkişaf etdirirlər. Yaratdıqları saytlar və ya göndərdikləri saxta sms-lər heç də şübhə doğurmur. Belə olduqda isə bu dələduzların qurbanına çevrilmək bəzən qaçılmaz olur.
Şəhər sakini: “Tez-tez linklər gəlir. Dostlardan, tanışlardan eşitmişik ki, bu linklər vasitəsilə oğurluqlar, pul çəkmələri olur. Amma şəxsən mənə gələn linkləri heç bir şəkildə qəbul etmirəm, daxil olmuram. Girdikdə təbii ki, hesabımdan pul oğurlana bilər və buna cavabdeh də bilinmir kimdir”.
Şəhər sakini: “Mən sosial şəbəkə işlətdiyim üçün tez-tez qarşıma belə şeylər çıxır, mən blok edirəm. Tanışlarımın da başına gəlib, sosial şəbəkələrdə alış-verişdə. Amma mən qətiyyən inanmıram. Məsləhətim olardı ki, heç kim inanmasın. Ancaq məncə düz olanlar da olur, yəni sosial şəbəkələrdə alver edənlər də olur. Ona görə də, o birilərə görə doğru olanlara da camaat inanmır, amma hamısına yox, doğru satış edənlərə inanmaq da olar”.
Şəhər sakini: “Mənim də qarşıma belə linklər gəlir. “WhatsApp” olsun, “İnstagram” olsun. Mənşəyi bilinməyən linklərdən mesajlar gəlir. Onlara qətiyyən inanmaq lazım deyil. Çünki insanın öz şəxsi hesabaları oğurlana bilər və ya bank kartlarından pul çəkilə bilər. Tanımadığınız insanlardan mesaj gəldikdə, onlara girmək olmaz təbii ki”.
Şəhər sakini: “Ən çox bank kodlarında, yəni nəsə almaq istəyəndə onda çıxır belə mesaj və ya reklamlar. Pul ödəmək üçün. Mən daxil olmuram. Hansı bankdan ki biz kart əldə edirik, o bankdan bizə rəsmi mesaj gəlir ki, qorunmaq üçün, yəni dələduzlara inanmayaq. Ona əməl edirik”.
Şəhər sakini: “Sosial mediada dələduzlar çoxalıb. Misal üçün, “İnstagram”dan linklər atırlar. O linklərlə də bank hesablarını oğurlayırlar. Məsələn, sizdən bank hesabınızı istəyirlər. Deyirlər ki, biz sizə 100 manat pul göndəririk və ya filan məbləğdə pul göndəririk. Bunlara aldanıb yazanlar var və nəticədə pulları oğurlanır”.
Artıq çox az adam deyə bilər ki, kiberdələduzlar bu və ya digər formada onu tələyə salmağa çalışmayıb. Xarici nömrələrdən iş təklifləri, dövlət qurumları adından sayt yaradaraq aldadıcı təkliflər, bank əməkdaşları adından zənglər və s. Hər bir klikdən açılan pəncərə isə təhlükəli bir oyunun başlanğıcı ola bilər.
Kənan Əliyev- sosial media mütəxəssisi: “Hal-hazırda sosial şəbəkələrdə dələduzluq baş alıb gedir. İnsanların çox gözünə çarpmasa da, çox göz qabağına gətirilməsə də hal-hazırda həddindən artıq çoxdur. Hər hansısa bir alış-veriş saytına daxil olurlar, ordan hər hansısa bir alış-veriş etmək istəyirlər, nömrələrinə kod gəlir və bu kodun həmin alış-verişlə bağlı olduğunu düşünüb, o kodu yazırlar və nəticədə artıq onların məlumatları oğurlanır və ya kartlarından pul çəkilir. Qarşısının alınmasının əsas yolu budur ki, bank kartlarını heç kimlə paylaşmasınlar, bilmədikləri nömrələrdən sms və ya link gəldikdə mesaja belə baxmayıb, birbaşa blok etsinlər. Bu tipli mesajlar əsasən də xarici nömrələrdən olur”.
Hakerlər qurumların adından istifadə edərək vətəndaşları saxta investisiya layihələrinə də cəlb edir. İnsanları hədəf alan haker qruplarının əsas hədəfləri pul vəsaitlərinin ələ keçirilməsi olduğu üçün onlar adətən ödənişlərin həyata keçirildiyi saytları saxtalaşdırır, bank əməkdaşları adından fırıldaqlıq edirlər.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Müasir dövrdə təmassız ödəniş sistemləri, onlayn alış-veriş vasitələrinin inkişaf etməsi əfsuslar olsun ki, kibercinayətkarlığın da inkişaf etməsinə gətirib çıxarır. 2023-cü ildə Gəncə Şəhər Baş Polis İdarəsinə ümumilikdə 728 müraciət daxil olub ki, bunlardan 134 fakt onlayn oğurluq üzrə cinayət işi başlanılıb. Əlavə olaraq 52 onlayn dələduzluq üzrə cinayət işləri başlanılıb və araşdırması aparılır. Artıq 2024-cü ildə də müvafiq sahədə müraciətlərimiz var və həmin onlayn oğurluqdan 24 fakt, 4 fakt isə onlayn dələduzluq faktıdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadığı internet saytlarına daxil olmasınlar, bilmədikləri insanlara öz şəxsi bank kartlarının məlumatlarını göndərməsinlər”.
Hər halda rəqəmsal əsrdə həyatımızın bir hissəsinə çevrilən kiberdələduzluqdan qorunmaq üçün bir neçə qaydanı bilmək kifayət edir. Heç kimə bank kartlarının pin kodu, sosial şəbəkə hesablarının parollarını verməmək, bu kimi hallarla rastlaşdıqda hüquq mühafizə orqanları ilə əlaqəyə keçmək zəruridir. Əks halda kiberdələduzların qurbanı olmaq qaçılmaz ola bilər.
Pərvin Abbaszadə
- Baxış: 459