• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 27.04.2024 19:38

"Kəpəz" Qəbələdə çempionatda qalmağını rəsmiləşdirə bilər

KepezTV Player

“Kəpəz” sabahkı oyunda Premyer Liqada qalmağını rəsmiləşdirə bilər. Bunun üçün gəncəlilər Qəbələdə xal qazanmalıdırlar.

Sarı-göylər 32-ci tur çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Bu mövsüm rəqibi ilə keçirdiyi 3 oyunda 2 qələbə qazanan və 1 dəfə isə məğlubiyyətə üzülən dağlılar üçün görüş həm çətin, həm də həlledici xarakter daşıyır. Belə ki, turnir cədvəlində sonuncu pilləsində qərarlaşan "Qəbələ" ilə aralarında 14 xallıq fərq olan “Kəpəz” bu qarşılaşmada heç-heçə edəcəyi təqdirdə çempionatda qalmağı təmin edəcək. Belə olan halda son 4 turda nəticələrdən asılı olmayaraq “Qəbələ” 1-ci diviziona yollanacaq. Ancaq baş məşqçi Adil Şükürovun sözlərinə görə gəncəlilər bu oyuna 1 xala görə yox, qələbə üçün gedəcəklər.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Həqiqətən də bu mövsümün oyunu ola biləcək bir qarşılaşmadır. Bizim üçün də çox vacibdir ki, “Qəbələ”yə qarşı gücümüzü göstərək və üstünlüyümüzü möhkəmləndirmək istəyirik. Öz oyunumuzu fikirləşməliyik və komandanın Premyer Liqada qalacağını artıq tam olaraq yəqinləşdirmək istəyirik. Amma bu da asan olmayacaq, çətin olacaq. “Qəbələ” bu oyuna köklənib və sırf “Kəpəz”lə oyunu gözləyirlər. Hər bir xal çox dəyərlidir, qızıla bərabərdir. Yəni biz oraya 1 xal üçün yox, 3 xal üçün gedəcəyik. Maksimalist olaraq həm öz oyunumuzu inkişaf etdirməliyik, həm də bizə lazım olan nəticəni qazanmalıyıq”.

Komandanın üzvləri də çalışdırıcı ilə eyni düşüncədədirlər. Hətta oyunçular 8-ci pilləyə yüksəlməyi də hədəfləyiblər.

Yeqor Xvalko- “Kəpəz”in oyunçusu: “Prinsipcə “Qəbələ” ilə bütün oyunlarımız mübarizəli alınır. Bir oyunda 3:0 hesabıyla qalib gəlsək də heç də asan olmamışıdı. Qarşıdakı görüşə ciddi hazırlaşmışıq. Bizə qələbə lazımdır. Premyer liqada qalmağımızı rəsmiləşdirmək istəyirik. Daha çox xal yığmaq əzmindəyik. Bizim 8-ci pilləyə yüksəlmək imkanımız da var. Araz-Naxçıvanı keçə bilərik. Bunun üçün çalışacağıq ki, qalib gələk”.

Vurğun Hüseynov- “Kəpəz”in oyunçusu: “Fikrimiz çətin Qəbələ səfərindən yaxşı nəticə ilə qayıtmaqdır. Məşqlərimiz də bu yöndə olur, çalışırıq ki, Adil müəllimin tapşırıqlarını yaxşı yerinə yetirək. Çətin oyun olacaq. Baxmayaraq ki, “Qəbələ” sonuncu pillədədir, xal fərqimiz kifayət qədər var. Amma biz rahat deyilik, bu oyuna tam ciddi yanaşırıq. Səfərdə xal və xallar qazanacağımıza inanırıq. Təbii ki, onların da az da olsa şansları var. Biz bunu dərk edirik. Ona görə hazırlaşırıq. Çox gözəl bir oyun olacaq. Onlar da, biz də istəkli olacağıq. Düşünürəm ki, sevinən tərəf biz olacağıq”.

“Qəbələ” – “Kəpəz” oyunu aprelin 28-i keçiriləcək. Qarşılaşmanın start fiti saat 15:30-da çalınacaq.

Orxan Cəfərzadə