• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 26.04.2024 19:51

Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev Kansler Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Kansler Olaf Şoltsla təkbətək və geniş tərkibdə görüşlər də keçirilib. 

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. COP29 imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, Avropa ölkələri ilə əlaqələri uğurla inkişaf etdirək. Bunu Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində bildirib. Dövlətimizin başçısı neft və qazımızın Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacağını da bildirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür”.

"Yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi", - deyən dövlət başçısı xarici tərəfdaşlarla nəhəng yaşıl keçid layihələrinə başlanıldığını da vurğulayıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat 5 qiqavat təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq”.

Almaniyanın Federal Kansleri Olaf Şolts isə iqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacağına əminliyini vurğulayıb. "Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə “Üçlük” olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Federal hökumət bütün gücü ilə bunu dəstəkləyəcək", - deyə Kansler qeyd edib.

Prezident İlham Əliyev və Kansler Olaf Şolts arasında təkbətək, eləcə də geniş tərkibdə görüş də baş tutub. 

salə Cənnətova