• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 25.04.2024 19:57

Süni intellekt bizi işimizdən edə bilərmi?

KepezTV Player

Süni intellektin əsası keçən əsrin ortalarında qoyulub. O, insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların, intellektual proqram, sistem və robotların yaradılmasını özündə ehtiva edir. Bəs gələcəkdə bu texnologiya işimizi əlimizdən ala bilərmi?

Bu gün elm dünyasının əsas hədəfi insanlar kimi düşünən və qərar verən, hətta onlardan daha ağıllı, süni intellektli robotlar istehsal etməkdir. İstəsək də, istəməsək də, süni intellekt həyatımızda proqramlaşdırılmış səsli köməkçilərdən tutmuş, özü idarəolunan avtomobillərə qədər müxtəlif sahələrdə özünü büruzə verir. Yaradıldığı gündən barəsində optimist və pessimist fikirlər səslənsə də, süni intellektin bu gün texnologiyanın inkişafında mühüm yer tutması şübhəsizdir.

Şəhər sakini: “Süni intellekt belədir ki, texnologiyada müasir dövrümüzdə ən çox istifadə olunan bir texnologiyadır. Süni intellektin dövrümüzə çox gözəl faydaları var. Təbii ki, bunun da faydası da var, ziyanı da var. Ziyanları odur ki, yaşı tamam olmamış, yəni uşaqlar və yaşlı təbəqə daxildir ki, misal üçün bunlar süni intellektdən düzgün istifadə edə bilmirlər. Amma çox gözəl bir şeydir”.

Şəhər sakini: “Süni intellektin bizim həyatımıza müsbət təsiri kimi, mənfi təsiri də var. Çox zaman süni intellekt məsələsində deyirlər ki, insanları aradan çıxaracaq. Onsuz da o da insanın əlində olan bir şeydir. İnanmıram ki, gələcəkdə bizim üçün xeyirdən başqa bir ziyanı olsun”.

Şəhər sakini: “Süni intellekt həyatımızda hər bir yerində onunla istər-istəməz artıq qarşılaşırıq. İş yerində olsun, kollektiv yerlərdə olsun, həyatımızın hər bir yerində artıq qarşılaşırıq. 2024-cü ildə ən böyük rol oynayan hazırda süni intellektdir”.

Şəhər sakini: “Süni intellekt bugünkü həyatımızda çox önəmli rol oynayır. Bəzi zavodlarda, fabriklərdə artıq önəmli yeri var. Bizim həyatımıza da bəzi işlərimizdə köməklik olur. Məncə əslində yayılan məlumatlar yalandır - yəni insanların həyatını ələ keçirməsi. Çünki belə bir şey yoxdur, inanmıram. Əksinə bu, zaman keçdikcə məncə insanlara kömək olur. Bu sadəcə insanlar arasında yayılıb və yalandır”.

Süni intellektdən artıq aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyyə və digər sahələrdə istifadə olunur. Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən əhalinin üçdə biri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq. Təbii ki, süni intellekti inkişaf etdirmək istəyənlər etik prinsipləri və insanların təhlükəsizliyini ön planda tutaraq hərəkət etməlidirlər. Bəs süni intellekt daha da inkişaf edərək partlayışa səbəb ola və ya insan nəzarətindən çıxa bilərmi?

Kənan Əliyev- süni intellekt mütəxəssisi: “Hal-hazırda süni intellekt bizim bir çox işimizi asanlaşdırır. Misal üçün şəkillər, videolar üzərində süni intellekt bizim işimizdə kömək edir. İşimizi sadələşdirir, asanlaşdırır, hətta daha kreativ və yaxşı işlər çıxarmağa köməklik edir. Bəzi problemlər də yarada bilər. Hansı ki, artıq süni intellekt vasitəsilə insanların üz cizgilərini götürürlər, onların səslərini yazırlar. Bunun vasitəsilə saxtakarlıq edib, başqalarından pul oğurlayırlar və ya bank hesablarından oğurluq işləri görürlər. Bir müddət sonra bizim işlərimizi, sürücülüyü əlimizdən ala bilər ki, artıq maşınlar öz-özünü idarə edir. Pilotluğu da misal göstərmək olar ki, o da ola bilər öz-özünü idarə etsin”.

Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndədir!

Pərvin Abbaszadə