• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 22.04.2024 18:29

Hərbi oyunlar yeni formatda təşkil edilib

“Şahin” hərbi-idman oyunlarının bu il keçirilən zona yarışı yeni qaydalara əsasən təşkil edilib. Təsdiq olunan yeni əsasnamədə iştirakçılar və hakimlər heyəti fərqli olub. Qərb bölgəsinin qalibi Gəncədə reallaşan birincilikdə müəyyənləşib.

4 nazirlik və 1 dövlət xidmətinin birgə təşkilatçılığı ilə baş tutan oyunlar Nizami yurdundakı N saylı hərbi hissədə keçirilib. Əvvəlki ildən fərqli hərbi yarışın yeni əsasnaməsində bir sıra dəyişikliklər edilib. Artıq Gəncədə reallaşan zona birinciliyinə yerli komanda da qatılıb. Bundan əlavə mübarizələrin obyektiv qiymətləndirilməsi üçün oyunlarda regiondan olmayan, eyni zamanda ehtiyatdakı hərbçilər ədaləti təmin ediblər.

Elşən Hüseynov- Gənclər və İdman Nazirliyinin sektor müdiri: “Dəyişikliklərdən biri ondan ibarətdir ki, əvvəl tədbir məsələn, Gəncədə keçirilirdisə, zonada iştirak edən Gəncə komandası obyektivlik üçün göndərilirdi məsələn, Qarabağda keçirilən zona yarışına və əsaslandırılırdı ki, buradakı hakimlər yerli komandaya dəstək verər. Bu kimi neqativ halların qarşısını almaq üçün Gənclər və İdman Nazirliyinin kollegiyasında biz belə bir təşəbbüslə irəli çıxdıq ki, yaxşı olardı ki, biz ehtiyatda olan xüsusi təyinatlıların hərbçilərindən ibarət hakimlər komandası yaradaq”.

“Şahin” hərbi-idman oyunlarında 12 hakim məktəblilərin çıxışlarına qiymət verib. Onlar arasında həm qazi, həm də müharibə veteranları yer alıb.

Əhliyat Mehdiyev- yarışın baş hakimi, qazi: “İlk dəfə olaraq “Şahin” hərbi-idman oyunlarının hakimlər heyəti məhz Vətən müharibəsində və müxtəlif döyüş əməliyyatlarında xidmət etmiş, döyüşdə iştirak etmiş, yaralanmış müharibə iştirakçıları, qazilərdən təşkil olunub və bu, bizlər üçün böyük etimaddır. Biz çalırıq ki, oyunlarda hər bir mərhələ üzrə hər bir fəaliyyəti ədalətli şəkildə qiymətləndirək. Bizim də əsas məqsədimiz digər hərbi oyunlar, eyni zamanda müxətlif vətənpərvərlik düşərgələrində iştirak etmək, öz bilik və bacarıqlarımızı, təcrübələrimizi gənclərlə bölüşməkdir və onları döyüşçü kimi yetişdirməkdir”.

Yarışda 12 komanda iştirak edib. Gəncə-Daşkəsən iqtisadi rayonunu təmsil edən kollektivlərin üzvləri builki yarışda torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən qəhramanlarla eyni məkanda olduqları üçün qürur duyublar.

Füzuli Fətəliyev- yarış iştirakçısı: “Builki oyunlar xüsusi təyinatlı, qazi hakimlərdən ibarətdir. Biz fəxr edirik ki, belə bir insanlar var. Onlar insanlara qürur, həvəs verir. Biz çox sevindik ki, qəhrəmanlarla təmasda olduq, onlarla şəkil çəkdirdik, yaxından tanış olduq”.

Əkbər Əliyev- yarış iştirakçısı: “Öncəki illərə baxanda daha fərqli yeni əsasnamə və qaydalarla keçirilir. Bu oyunlar bizim gələcək hərbi hazırlığımıza, daha yaxşı iştirakımıza imkan yaradır. Belə yarışların keçirilməsi həvəs yaradır, həmçinin mənim kimi gənclərin gəlcəkdəki hərbi xidmətlərinə çox kömək olur”.

Hərbi oyunların zona birinciliyində komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, patronun darağa doldurulub-boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf edilməsi, mülki müdafiə hazırlığı kimi mərhələlərdə bacarıqlarını göstəriblər. Yarışın qalibi gələn ay Bakıda 9 zonanın qalibinin iştirakı ilə keçiriləcək respublika yarışında iştirak edəcək.

Orxan Cəfərzadə