• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 20.04.2024 18:06

Basketbolçularımız "Paris-2024"ün komanda yarışlarında

KepezTV Player

Azərbaycan idmançıları müstəqillik dövründən bəri təşkil olunan 6 olimpiadaya qatılaraq fərdi növlərdə iştirak etsə də, heç vaxt komanda yarışlarında təmsil olunmayıb. Bu baxımdan “Paris-2024” istisna olacaq. Çünki basketbolun 3-ə 3 növü üzrə qadınlardan ibarət millimiz dörd illiyin ən mötəbər yarışına vəsiqəni təmin edib və Azərbaycan Fransada keçiriləcək Olimpiya oyunlarında komanda yarışlarında "siftə" edəcək. Yığmamızdan debütdə nələr gözlənilir, bu uğur basketbolumuza nə verəcək?

Olimpiyadaya gedən yolda milli komandamız ötən il Astara, Bakı və Şuşada keçirilən turnirlərdə reytinq xalları yığmaqla Honkonqda keçirilən 1-ci təsnifat turnirində qüvvəsini sınayıb. Seçməmiz olimpiadaya yeganə vəsiqə uğrunda B qrupunda Çili və Monqolustanı məğlub edib. Qrupun son oyununda Niderlanda uduzsa da, yarımfinala yüksələ bilib. Xanımlarımız yarımfinalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib. Bununla da ölkəmiz ilk dəfə Olimpiya Oyunlarında komanda idman növündə təmsil olunacaq. Ancaq yığmamızın “Paris-2024”də işi asan olmayacaq.

Sənan Əliyev- ABF-nin mətbuat katibi: “Bu turnirə dünyanın ən güclü 8 komandası qatılır. ABŞ, Çin, ev sahibi Fransa vəsiqəni artıq təmin edib və 4-cü vəsiqəni məhz Azərbaycan yığması qazandı. Digər rəqiblər hələ bilinmir, onların adına qarşıdakı günlərdə aydınlıq gələcək və deyərdim ki, milli komandamız olimpiadada da bizi layiqincə təmsil edəcək. Amma bu ilkdir, qızlarımıza böyük bir təcrübə olacaq. Rəqabət olimpiadada çox güclüdür. İnanıram ki, olimpiadada istədiyimiz nəticəni verə biləcəyik”.

Qadınlardan ibarət komandamızın olimpiadada iştirakı həm də bir növ təbliğatdır. Ona görə ki, millinin əldə etdiyi nailiyyət ölkənin regionlarında xanımların basketbola axınına zəmin yaradacaq.

Rizvan Səfərov- Qadınlardan ibarət “Gəncə” komandasının baş məşqçisi: “Valideynlər qızların basketbol məşqlərinə gəlməyinə bir az haradasa ikinci dərəcəli baxırdılar. Hazırda yığmamızın olimpiadaya vəsiqə qazanması kütləvi şəkildə artmasına istər regionlarda, istər paytaxtda qadın basketbolunun inkişafına təkan verəcək. İşin yekununda nəticə olursa, demək ki, həmin sahədə yeni qadın basketbolunda bir dövr başlayır. Biz də çalışacağıq ki, regionun məşqçisi olaraq həmin inkişaf mərhələsində üzərimizə düşən payımızı göstərək”.

Ölkəmiz qadın basketbolçularımızın sayəsində olimpiadaya 17-ci vəsiqəni təmin edib. Daha öncə isə fərdi yarışlarda sərbəst və yunan-Roma güləşi, boks, taekvondo, atıcılıq, çəkicatma, gimnastika növlərində Paris-2024-ə lisenziya qazanılıb.

Orxan Cəfərzadə