• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 17.04.2024 19:55

Region idmançıları beynəlxalq yarışın qalibi olublar

KepezTV Player

Göygöl rayonundan olan savat döyüşçüləri beynəlxalq yarışda uğur qazanıblar. Raul Hüseynzadə və Məhəmməd Məmmədli vətənə ən yüksək nailiyyətlə dönüblər.

Hər iki idmançı milli komandanın tərkibində İtaliyanın Cenova şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak ediblər. Kadet, gənc və böyüklər arasında keçirilən yarışda yığmamız 4 döyüşçü ilə təmsil olunub. 15 ölkədən 130-a yaxın idmançının mübarizə apardığı turnirdə assault və prokombat növlərində millimizin bütün üzvləri mükafatçılar sırasına düşə biliblər. Göygöldən olan Raul Hüseynzadə 30 kq çəkidə kadetlər, Məhəmməd Məmmədli isə 48 kq çəkidə gənclər arasında assault növündə bütün rəqiblərindən üstün olaraq baş mükafata layiq görülüb. İdmançıların uğurlu çıxışı medal əyarına görə Azərbaycan seçməsini ümumkomanda hesabında 2-ci edib.

Raul Hüseynzadə- beynəlxalq yarışın qalibi: “Beynəlxalq turnirdə iştirak etdim və orada iki döyüş keçərək finala çıxdım. Finalda da xorvatiyalı rəqibimə qalib gələrək birinci yerə layiq görüldüm. Şəxsi məşqçimə və federasiyaya təşəkkür edirəm ki, bizə belə bir şərait yaradıblar”.

Məhəmməd Məmmədli- beynəlxalq yarışın qalibi: “Beynəlxalq turnirdə çempion oldum. Bundan əvvəl də xarici ölkədə qalib gəlmişdim, təcrübə qazanmışdım. Bunun nəticəsində Avropa çempionatına vəsiqə qazandım. İnşallah Avropada da bayrağımızı ucaldarıq”.

İdmançıların şəxsi məşqçisi Fəxri Cəfərov əldə olunan nailiyyəti gərgin məşqlərin nəticəsi olaraq qiymətləndirib. Çalışdırıcı məqsədlərinin qarşıdakı yarışlarda da yaxşı nəticələr qazanmaq olduğunu deyib.

Fəxri Cəfərov- 2-ci Dan qara kəmər ustası: “Savat bölməsinin bu cür nailiyyəti rayonumuz üçün çox böyük bir nəticədir. Heç vaxt bir yarışdan iki qızıl medal qazanmamışdıq. Bu, bizim üçün çox qürurverici nəticədir. Perspektivli idmançılarımız çoxdur. Bunların gələcəkdə dünya, Avropa çempionatlarında yaxşı döyüşmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu yolda məqsədimiz ancaq qələbəyə doğru irəliləməkdir”.

İtaliyadakı yarışda qalib olan Məhəmməd Məmmədli bu nəticəsinə görə Avropa çempionatına vəsiqə qazanıb. Gənc döyüşçü iyun ayında Bolqarıstandakı qitə yarışında qüvvəsini sınayacaq. Raul Hüseynzadənin isə sentyabrda Avstriyada dünya kubokunda iştirakı nəzərdə tutulur.

Orxan Cəfərzadə