• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 17.04.2024 19:52

Tikinti materialları ucuzlaşıb, amma alıcı yoxdur

KepezTV Player

Adətən yaz aylarında təmir-tikinti işləri ilə məşğul olanların sayı artır. Bu isə bazarda canlanma yaradır. Amma hazırda vəziyyət elə deyil. Havalar isinsə də, durğuluq var. Hətta bu hal qiymətlərə də təsir edib. 

Gəncənin inşaat materialları bazarında durğunluq müşahidə olunur. Satıcılar deyir ki, qiymətlər ötən aylar və keçən ilin indiki dövrü ilə müqayisədə ucuz olsa da, bazar alıcı sarıdan sıxıntı yaşayır. Hətta qiymətin baha olduğu vaxtlarda müraciət sayı indikindən çox olub. Əvvəllər gün ərzində 10-15 müştəri tərəfindən müraciət olurdusa, hazırda heç 5 nəfər deyil.

Maksim Rüstəmov- satıcı: “Məsələn, armaturları alırıq 840, 850, 870 manata. 900-910-na da satırıq. Qiymətlər eynidir. Turba profil materiallarının qiyməti - alırıq 1100, 1120, 1150, yəni qiymətlər stabildir. Sadəcə olaraq əhalinin alıcılıq gücü çox aşağı səviyyədədir”.

Əli Abdiyev- satıcı: “Taxtanın qiyməti 360 manat idi. İndi düşüb 330 manata. 10-luq fanerkaların 1 ədədi 15 manatdır. Metal profillər 2.90-dır. Əvvəllər 3 manat 50 qəpik idi. Yəni qiymətlər sərfəlidir. Dam örtükləri qabaq 45-50 manat idi. İndi düşüb 27 manatdan başlayır, 45 manata kimi var, qalınlığından asılıdır. Pol taxtaları var. Kvadratı əvvəl 15-16 manat idi, indi düşüb 14.50-yə”.

Sədi Süleymanov- satıcı: “Sementin satışı 8 manat 50 qəpikdir. 2-3 ay bundan əvvəl də belə idi. Bu gün də elədir. Amma alıcılıq qüvvəsi 0. Heç bazara girən yoxdur. Ancaq satanlar, fəhlələr, şoferlərdir”.

Bazara gələnlər isə əsaslı alver üçün yox, xırda-para təmirə görə məcburiyyətdən üz tutanlardır. Elə çəkiliş zamanı da tapmaqda çətinlik çəkdiyimiz tək-tük alıcının fikrini öyrəndik.

Paşa Paşazadə- alıcı: “Mən ustayam. Ev sahibləri ilə həmişə gəlirəm material almağa. İndiki qiymətlərlə əvvəlki qiymətlərdə çox fərq var. Qabaq 1 manat 1 manat 20 qəpiyə aldığımız məhsulu indi 80 qəpiyə dedilər. Hardasa 40-50 qəpik fərq var”.

Arzu Vəliyev- alıcı: “Evi təmir edirik. Dam örtüyü almağa gəlmişik. Hər şey normaldır. Qiyməti 30-40 arasında dedilər”.

İnşaat materiallarının qiymətində ilin əvvəlində müşahidə edilən bahalaşmanın indi tam əksinin müşahidə edilməsi bir sıra səbəblərlə bağlıdır. İqtisadçı Fərid Mehdiyev qiymətin aşağı düşməsi və durğunluğu bazarda məhsul bolluğu ilə əlaqələndirir.

İqtisadçı qarşıdakı aylarda qiymət artımlarının olacağını istisna etmir. Bunu tikinti bumunun başlaması ilə əlaqələndirir. Növbəti aydan tələbatın artacağı və buna uyğun olaraq məhsulların bahalaşacağı gözləniləndir. 

Aişə Rzayeva