• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 08.04.2024 20:18

Cavadxan yurdunun güləşçisi “Paris-2024”də

KepezTV Player

Gəncəli sərbəst güləşçi Turan Bayramov Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanıb. Milli komandanın üzvü bu uğura Avropa Olimpiya Təsnifat turnirində nail olub.

Nizami yurdunun pəhləvanı Bakıda təşkil edilən yarışa 1\8 final mərhələsindən başlayıb. Bu etapda isveçrəli rəqibini 10:0 məğlub edən Turan 1\4 finalda Rumıniya təmsilçisi ilə üz-üzə gəlib. Bu raundda 5:1 hesabıyla üstün olan Bayramov lisenziya uğrunda görüşdə Tokio Olimpiadasında uduzduğu Kuba əslilli 2 qat dünya, 4 qat Avropa çempionu italiyalı güləşçi Frank Çamizo ilə qarşılaşıb. Çətin keçən görüşdə 8:8 hesabı qeydə alınsa da, xallarda üstünlük Turan Bayramovda olduğu üçün olimpiadaya lisenziyanı təmin edib.

Turan Bayramov- milli komandanın üzvü: “Olimpiya oyunlarına lisenziya qazandım, bu, mənim üçün böyük bir uğurdur. Bu yarışa çox ciddi hazırlaşmışdım. Şükür ki, lisenziyanı əldə etdim. Ən ağırı lisenziya görüşüm oldu. Orada Frank Çamizo ilə qarşılaşdım. Ona qalib gələrək revanşımı aldım. İnanıram ki, məşqlərimi daha da artıraraq Paris Yay Olimpiya Oyunlarında qızıl medalı Azərbaycana gətirəcəm”.

Güləşçinin şəxsi məşqçisi Abil İbrahimov yetirməsinin çıxışına münasibət bildirərək onun lisenziya qazancağına inandığını deyib. Həmçinin çalışdırıcı qeyd edib ki, Turan təsnifat turnirində olduğu kimi "Paris-2024"də də ölkəmizi layiqincə təmsil edəcək.

Abil İbrahimov- Turan Bayramovun şəxsi məşqçisi: “Bu yarışdan Turanın lisenziya qazanmağına heç şübhəmiz yox idi. Şükür ki, o, lisenziyanı qazandı. Bacaracağıq ki, yüksək formada hazırlaşaq və olimpiya oyunlarında ölkəmizin idmansevərlərini böyük nəticələrlə, olimpiya oyunlarının qızıl medalı ilə sevindirək”.

Turan Bayramovla yanaşı eyni gündə daha 4 sərbəst güləşçimiz Olimpidaya vəsiqə qazanıblar. Bununla da ümumilikdə 16 idmançımızın "Paris-2024"də iştirakı dəqiqləşib.

Orxan Cəfərzadə