Hazırda banklardan şəxsin özünə kredit verilməklə yanaşı girov və zamin tələbi də məbləğdən asılı olaraq şərt kimi irəli sürülür. Şübhəsiz ki, hər bir bankın kredit şərtləri müxtəlif olur. Ancaq bir hal da var ki, kredit götürən şəxs dünyasını dəyişərsə, onun borcunun aqibəti necə olacaq və ya ödəniləcək?
İstər istehlak, istərsə də biznes krediti ilə bağlı banklara müraciətlər kifayət qədərdir. Tərəflər arasında bağlanan müqavilə isə götürülən pula görə vəzifə və hüquqları özündə təsbit edir. Bu sırada bankların nəzərə aldığı amillərdən biri də borc alanın ölüm riski ilə bağlı məqamdır.
Fəridə Cənnətova- bank işçisi: “Ümumilikdə qanunvericilikdə borc alan şəxs həyatda yoxdursa, yəni rəhmətə gedibsə, öhdəlik həmin şəxsin qanuni vərəsəsinə düşür. Rəhmətə getmiş şəxsin qanuni vərəsəsi həmin şəxsin həm debitor, həm də kreditoru olur. Yəni o, debitor kimi rəhmətə getmiş şəxsin mirasına sahib olmaqla yanaşı, həm də kreditor kimi rəhmətə getmiş şəxsin öhdəliklərini daşıyır”.
Əksər hallarda kreditin məbləği çox olduqda kredit götürmək istəyənlərdən təminat - adətən zamin tələb edirlər. Zamin duran şəxs bir növ pul götürən şəxsin borclusu qismində çıxış edir.
Rafiq Abbasov- iqtisadçı: “Əgər zamin də varsa, o da dünyasını dəyişibsə və yaxud da o da bu pulu ödəmək iqtidarında deyilsə onda həmin kredit borcu da ləğv edilir”.
Bu kimi xoşagəlməz halların yaşanmaması üçün əksər banklar və bank olmayan kredit təşkilatları vətəndaşlarla əlavə xidmət - sığortanı təklif edir. Bununla həm borc risk altına düşmür, həm də varis və zamin ziyan çəkmir.
Elnur Həsənov- sığorta mütəxəssisi: “Müqavilə var, sığorta şirkəti ilə fərdi qəza və ya həyat sığortası şəhadətnaməsi əldə etməklə müştəri kredit götürən zaman müəyyən bir məbləğdə - məsələn, 50 manat ödəməklə sığorta şəhadətnaməsi əldə edə bilər. Həmin müştəri vəfat edərsə, bank yerdə qalan məbləği sığorta şirkətindən ala bilər”.
Göründüyü kimi, kredit götürməyin yaratdığı rahatlığın arxasında onun çəkilməli olan məsuliyyəti və ödənilməli olan borcu var. Bu borc sığortalı olduqda isə yarana biləcək problemlər əvvəlcədən həll edilmiş olur.
Elnur Vahidoğlu
- Baxış: 3320