• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 01.04.2024 20:43

Ər-arvad boşanarkən əmlakın bölgüsündə yenilik

KepezTV Player

Son zamanlar boşanmaların sayında kəskin artım müşahidə olunur. Təkcə ötən il bu say 20 mindən çox olub. Amma təəssüf ki, tərəflər hər zaman normal şəkildə ayrılmır. Bəzər bu proses münaqişəli şəkildə sonlanır. Bunun qarşısını almaq üçün Ali məhkəmədə ölkədə boşanma zamanı “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” müvafiq qərar qəbul edilib.

Yeni qərarda, boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar öz əksini tapıb. Onlardan biri nişan və toy zamanı bəyə və gəlinə bağışlanan hədiyyələrin kimdə qalması ilə bağlıdır. Digər vacib məqam isə mülkün bölgüsüdür. Hansı ki, bu məsələlər elə vətəndaşlar tərəfindən də birmənalı qarşılanmır. 

Şəhər sakini: “Qızıl, ev, maşın hamısı satılıb, yarı bölünməlidir. Qırğın-dava düşür. Əgər bunlar bir yerdə yaşadığı müddətdə alınıbsa, aralarında bölünməlidir”.

Şəhər sakini: “Oğlana alınan hədiyyə oğlanda qalmalıdır, qız üçün alınan qızda qalmalıdır. Ev də əgər vətəndaşın özünün şəxsi evi varsa, birgə qazanıblarsa, yarıya bölünməlidir”.

Şəhər sakini: “Qızıl gəlinin haqqıdır, alınan qızıl gəlində qalmalıdır. Amma əgər qızın övladı yoxdursa ev heç kimə ev düşmür. Övladı olsa, gəlin gəldiyi ev gəlinə düşür”.

Şəhər sakini: “Alınan qızılın hamısı qadında qalmalıdır. Uşaqlar anada qalıbsa mal-mülk hamısı bölünüb, onlara verilməlidir”.

Tərəflər arasında çəkişməyə səbəb olan məsələlərin hüquqi tərəfini hüquqşünas Nail Qarayev izah edib. Onun sözlərinə görə zinət əşyaşı şəxsin özünə verilmiş hədiyyə hesab olunduğu üçün boşanma zamanı ər və arvad arasında bölünmür.

Nail Qarayev- hüquqşünas: “Qanunvericilikdə qeyd olunduğu kimi, birgə nikah dövründə hədiyyə, bağışlanma, vərəsəlik yolu ilə əldə olunan əmlak birgə nikah dövründə əldə olunan əmlak sayılmır. Və konkret sahibi kimdirsə, daşınan-daşınmaz olmasından asılı olmayaraq həmin əmlak kimə bağışlanıbsa həmin şəxsdə qalır. O, bölünmür. Birmənalı olaraq”.

O ki, qaldı mübahisə doğuran əmlakın bölünməsi məsələsinə. Bu daha çox sənədsiz evlərlə bağlı olan qərardır. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçiriləcək.

Nail Qarayev- hüquqşünas: “Əgər ər-arvad birgə nikah dövründə nikah müqaviləsi bağlamayıblarsa və həmin nikah müqaviləsində qeyd olunan əmlakın bölgüsü qeyd edilməyibsə, məhkəmə müvafiq araşdırmalar, sorğular aparır. Əgər məhkəmə müvafiq sübutları toplayandan sonra qərara gəlsə ki, əmlakda birlikdə yaşaya bilərlər, bu zaman onların ünvanda birgə yaşayışı barədə qərar çıxara bilər. Amma tərəflər arasında ziddiyyətlər çox olduğu təqdirdə, münaqişələr olduqda isə başqa yolla bölünərək tərəflərə maddi vəsaitin verilməsi ilə bağlı da məhkəmə qərar qəbul edə bilər”.

Qeyd edək ki, sənədsiz tikilinin ər və arvad arasında bölünməsi barədə qərar - bu tikilinin qanuni sayılması demək deyil. Sadəcə, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisələrin həll edilməsinə yönələn məsələdir. 

Aişə Rzayeva